Yenə neftdən asılılıq və devalvasiya təhlükəsi... - "Fitch" agentliyi Azərbaycan iqtisadiyyatı barədə

 

Bütün dünyanın hesablaşdığı "Fitch" beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycan iqtisadiyyatının başlıca xarakteristikası onun karbohidrogen ehtiyatlarından asılılığının qalmasıdır.

Şəffaflıq.az “AzPolitika.info”ya istiandən xəbər verir ki, agentlik Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.

“Fitch” Azərbaycanla bağlı 2019-cu ilin yekunlarına aid açıqlamasında bildirir ki, ölkəmizdə idarəetmə göstəriciləri və bank sektoru zəifdir. Bununla yanaşı qeyd edilir ki, ötən il ölkə neft-qaz sahəsindən çox asılı olub. Həmçinin, xüsusi olaraq vurğulanır ki, 2020-ci ildə neft hasilatının artımı yavaşıyacaq.

Ancaq bütün bunlarla bərabər təşkilatın Azərbaycanla bağlı reytinq üzrə proqnozu sabitdır. Açıqlamada o da bildirilir ki, “Şahdəniz-2” yatağından yeni qaz hasilatı və Avropaya ixracı növbəti illərdə böyük karbohidrogen gəlirlərini təmin edəcək.

Eləcə də qeyd olunur ki, Azərbaycanın dövlət borcu xeyli dərəcədə aşağı olub və müsbət mənada güclü xarici ticarət balansı mövcuddur.

Lakin “Fitch”-in açıqlamasından görünür ki, təbii ehtiyatlardan asılılıq ölkənin iqtisadi və maliyyə dayaqlarına təhlükə törətməkdə davam edir. Təşkilat bildirir ki, ötən il Azərbaycandakı iqtisadi artım əsasən neftin orta hesabla 65 ABŞ dolları olan qiyməti və artan qaz hasilatı hesabına əldə edilib.

Bu isə ölkə iqtisadiyyatının və milli valyutanın dayanıqlığı ilə bağlı narahatlıq yarada bilən amildir. Agentlik bildirir ki, ölkə iqtisadiyyatı neftin qiymət şoklarına qarşı yüksək dərəcədə həssasdır. Çünki əmtəə ixracı cari hesab daxilolmalarının 67 faizini təşkil edir.
Hesabatda qeyd olunur ki, neft qiymətlərinin dəyişkənliyinə baxmayaraq, dolların məzənnəsi 2017-ci ilin aprel ayından etibarən 1,7 manat səviyyəsində saxlanılır.

Lakin dünya bazarında neftin qiymətində hansısa şok effektli dəyişiklik olcağı təqdirdə, yəni kəskin ucuzlaşma olacağı halda milli valyutanın devalvasiyaya uğraması təhlükəsi yaranacaq. Təşkilatın fikrincə, qiymət şoku olacağı təqdirdə, hökumətin valyutanın amortizator kimi fəaliyyət göstərməsinə icazə verəcəyi (yəni manatın yeni devalvasiyasına icazə verilib-verilməyəcəyi) barədədə suallar yaranacaq.

“Fitch” qeyd edir ki, hazırda Azərbaycanın maliyyə profisiti ÜDM-in 6% qədər olsa da, növbəti ildə bu göstəricinin azalacağı proqnozlaşdırılır. Belə ki, neftin gözlənilən aşağı qiymətləri (2020-ci ildə 62.5 dollar və 2021-ci ildə 60 dollar) maliyyə profisitinin cari ildə ÜDM-in 4,4 faizinə və 2021-ci ildə 4,2 faizə enməsinə səbəb ola bilər.

Təşkilat həmçinin Azərbaycanın siyasi sistemindəki son düzəlişlərə, yəni islahatlara da toxunub və qeyd edib ki, bu dəyişikliklər ölkənin maliyyə göstəricilərinə və etibarlılığına müsbət təsir edə bilər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}