Başqırdıstanda "Qazprom"un neft-kimya kompleksi kütləvi PUA hücumuna məruz qalıb
Başqırdıstandakı Salavat neft-kimya kompleksi ("Qazprom neft-kimya Salavat") kütləvi PUA hücumuna məruz qalıb. Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Radiy Xabirov bildirib. Onun sözlərinə görə, Salavat sənaye zonasındakı əsas obyektlər zərər görməyib. "Əsas odur ki, ölən və ya xəsarət alan yoxdur. Bir neçə yanğın ocağı var idi. Demək olar ki, onların hamısı söndürülüb. Əsas obyektlər zərər görməyib. Resursların verildiyi estakadalarda bəzi zədələnmələr var", - deyə o qeyd edib. Hakimiyyətdən bildirilib ki, müəssisənin bir neçə gün ərzində əvvəlki iş rejiminə qayıdacağı ehtimal olunur. Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Başqırdıstandakı kompleksdən əlavə həm də, cəbhə xəttindən təxminən 400 kilometr aralıda yerləşən Afipsk neft emalı zavoduna zərbə endirib. "Gelencikdə patrul kateri və kölgə donanmasının tankeri vurulub. Bu, cəbhə xəttindən təxminən 430 kilometr məsafədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin uğurlu əməliyyatı olub. Azov dənizində kölgə donanmasının üç tankerinə də uğurlu zərbələr endirilib", - Zelenski qeyd edib.
Facebook-da paylaş








