Xocallı Faciəsinin 30-cu ildönümünə dair... Bəşəriyyətə qarşı yönəldilmiş vandalizm aktı


 
Bəşəriyyətə qarşı yönəldilmiş vandalizm aktı

Erməni-faşist təfəkkürünün dəhşətli cinayəti olan Xocalı faciəsinin 30 ili tamam olur. 1992-ci ilin fevral ayının 26-da haylar (ermənilər) tərəfindən törədilən dəhşətli qətliam təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı çevrilmiş misli görünməmiş vandalizim aktıdır. Baş verən bu ağır, tükürpədən qəddarlıq, insanlığa qarşı törədilən ağlasığılmaz vəhşilik dağılmaqda olan bir imperiyanın Qafqazda təsir dairəsini, nüfuzunu qoruyub-saxlamaq, bu regionda əsas vassalı olan, XX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında süni olaraq yaradılan Ermənistanın bu istəkdən maksimum yararlanması üçün istifadə etməsilə birbaşa bağlıdır.

XX yüzülliyin sonunda təkcə dağılmaqda olan sovet imperiyası deyil, həm də bir sıra dünya gücləri də Qafqazda istəklərinə nail olmaq üçün məhz tarixdə ikiüzlü, xain millət imici qazanmış hayları seçmişdilər. Bunun səbəbi nədə idi? Təbii ki, həm XX əsrin 80-ci illərinin sonu və 90-cı ildə SSRİ-nin tərkibində olan Azərbaycanın rəhbərlərinin, 91-92-ci llərdə yenicə dövlət müstəqilliyini elan etmiş Azərbaycan hakimiyyətinin yanlış xarici və daxili siyasəti, həm də erməni diasporunun geniş miqyaslı fəaliyyəti bunu şərtləndirən amillər idi. Bütün bunların fonunda dünyanın erməni lobbisi və ermənipərəst qüvvələr tərəfdən müxtəlif üsullarla ələ alınan xarici hakim dairələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq və ya gizli şəkildə dəstəkləyir, xalqımıza qarşı həyata keçirilən cinayətlərə göz yumurdular. Qarabağda azərbaycanlılar yaşayan kəndlərin, qəsəbələrin erməni quldurları tərəfindən yandırılması, azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsinin bir səbəbi də o zamanki iqtidarın səbatsızlığı, qətiyyətsizliyi, özünü müxalifət adlandıran bir sıra qüvvələrin isə işğala məruz qalan torpaqlarımızın müdafiəsi uğrunda aparılan mübarizəni hakimiyyət uğrunda çevirmələri idi. Bunun da nəticəsində 1991-ci ildə və 1992-ci ilin yanvar, fevral aylarında Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kəndlərin demək olar ki, hamısı erməni silahlı dəstələri tərəfindən ələ keçirilmişdi. Növbə Xocalıya çatmışdı. 1991-ci ilin payızında Xocalı şəhəri erməni silahlı birləşmələri tərəfindən əsasən blokadaya alınmışdı. Azərbaycan Respublikasının daxili qoşunlarının Qarabağın dağlıq hissəsindən çıxarılmasından sonra şəhər tam blokadada idi. 1992-ci ilin yanvar ayından Xocalıya elektrik enerjisi verilmirdi.

Əhalinin bir hissəsi blokadada olan şəhərdən çıxarılmışdı. Ermənilərin Xocalıya hücumu ərəfəsində şəhərdə 4 min nəfərə yaxın dinc əhali qalmışdı. Yerli əhali ilə yanaşı Xocalıda Fərqanədən qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş insanların bəziləri məskunlaşmışdı. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən yüngül atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və yeni yaradılmımış Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

1992-ci ilin fevral ayının ikinci yarısından Xocalı tam mühasirədə idi və hər gün toplardan, ağır texnikadan atəşlərə, həmlələrə məruz qalırdı. Xocalıya sonuncu dəfə helikopter yanvarın 28-də gəlmişdi. Xocalı mənfur düşmən mühasirəsində boğulurdu.

Xocalının yardım istəyən səsi, harayı kar olmuş iqtidara, nə də o dövrdə real qüvvə, güc olan AXC rəhbərliyinə təsir edirdi.

Birincilər hakimiyyətdə qalmaq, vəzifələrini qorumaq hayında, ikincilər isə nə yolla olursa-olsun hakimiyyətə gəlmək arzusunda, həvəsində idi.

Ermənilər həmlələri gücləndirir, Xankəndi ilə Əsgəran yolunun üstündə Azərbaycanın yeganə dayaq məntəqəsi kimi qalmış Xocalını azərbaycanlıların əlində olan Xocalı hava limanını ələ keçirmək üçün səylərini artırırdılar. İqtidar nümayəndələri Ağdam şəhərindən, Rəhim Qazıyev və ətrafındakılar isə Şuşa şəhərindən ölüm-dirim savaşında olan, son günlərini yaşayan Xocalını laqeyidliklə, soyuqqanlı şəkildə seyr edirdilər.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam keçmiş Sovet İttifaqına məxsus 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxarılması ilə başlanmışdı. Düşmən qüvvələr toplardan, tanklardan, “Alazan” tipli zenit qurğularından şəhəri 2 saat atəşə tutduqdan sonra 3 istiqamətdən şəhərə hücum etdilər. Dinc əhali Əsgəran istiqamətində qaçmağa məcbur oldu. 

Əvvəlcədən hazırlanmış plana əsasən əhalinin qarşısı Naxçıvanlı (Naxçıvanik) kəndi yaxınlığında kəsildi və əhali güclü atəşə tutuldu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanlı düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi.

Azərbaycan rəhbərliyi faciəni xalqdan gizlətməyə, miqyasını kiçiltməyə uğusuz cəhd göstərdi. Müxalifət isə xalqı mübarizəyə çağırmaq, iqtidarından təcili tədbirlər görməyi tələb etmək əvəzinə yaranmış vəziyyətdən istifadə edərək hakimiyyətə gəlmək üçün mübarizəyə başladı.

Xarici mətbuatda Xocalı faciəsi barədə ilk məlumat verənlərdən biri olan “Vaşinqton Post” qəzeti 2 mart 1992-ci il nömrəsində yazırdı: “Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilib? Bunun ardınca “Nyu- York Tayms” (3.03.1992) “ Faynenşl Tayms” (9.03.1992), “Le Mond”(14.03.1992), “İzvestiya”(4.03.1992. 13.03.1992), “ Tayms”(1.03.1992), “Nyusuix” (16.03.1992) və s. qəzetlərdə bir-birindən dəhşətli, ürək parçalayan, tükürpərdən yazılar verildi, ermənilərin törətdikləri vəhşi əməllərdən danışıldı. Hadisə yerinə gələn, sağ qalmış Xocalı sakinləri ilə görüşən, qətlə yetirilmiş mülki şəxslərin meyitlərini görən xarici jurnalistlər, erməni vəhşiliyindən dəhşətə gəlmişdilər. 

Başlarının dərisi soyulmuş, diri-diri yandırılmış, təhqir edilmiş, başları sonradan qoparılmış, qarnı yırtılmış, sinəsi deşilmiş, əlləri-ayaqları kəsilmiş cəsədləri görən jurnalistlərin əksəriyyəti erməni vandalizminin insanlıqla bir araya sığmadığı barədə yazaraq bunu bəşəriyyətə qarşı çevrilmiş cinayət olduğunu göstərdilər.

Yuri Pompeyev “Qarabağ qan girdabında” adlı kitabında yazır: Xocalı faciəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı.

Milliyətcə erməni olan yazıçılar, jurnalistlər də törədilən vəhşilikləri yazılarında etiraf edirlər. Livanlı yazıçı-jurnalist Daud Xeyriyan “ Xaç uğrunda” kitabında yazırdı: “Bəzən çaşıb ayaqlarımızı meyitlərin üstünə qoyub keçib gedirdik. Bataqlıqdan keçmək üçün ölənləri sıraya düzüb üstündən keçib getməyə başladıq... Mən ayaqlarımı sir-sifəti qana bulanmış bir qızın sinəsinə qoydum... Ayaqlarım, fotoaparatım, dizim bütün qan içərisində idi”.

Erməni faşizminin ideoloqlarından Zori Balayan kitabında azərbaycanlı oğlan uşağının diri-diri divara mıxlayaraq dərisinin soyulmasından, özünün də bu dəhşətli, insanlığa sığışmayan hadisədə iştirakından, qan itirən uşağın ölümündən qürurla yazır və bu zaman fəxrlə ruhunun dirçəlməsindən bəhs edir.

Sonralar Ermənistanın Prezidenti olmuş Serj Sakisyan isə başqa bir məqama toxunaraq yazır ki, Xocalının işğalına qədər azərbaycanlılar inanmaq istəmirdilər ki, biz dinc əhalini kütləvi şəkildə qıra bilərik. Biz sübut etdik ki, hər şeyə qadirik.

Xocalı faciəsindən çoxlu sayda kitablar məqalələr yazılıb, dəhşətli olayların sağ qalmış şahidlərinin söylədikləri, qeydə alınıb.

Hər dəfə bu yazıları oxuyarkən, şahidləri dinləyərkən, insan ilk dəfə keçirdiyi hissləri təkrar yaşayır. Bu barədə yazarkən qələm insanın əlində əsir, göz yaşları insanın gözlərini torlandırır, qəhər insanı boğur, ürəyi az qala köksünü yırtıb çıxmaq istəyir.

“Bu dərdi demək də, yazmaq da çətin
Bu dərdin heç dərdə bənzəri yoxdur.
Bu qədər göz yaşı axan millətin
Bəs niyə ikinci Xəzəri yoxdur”.

Xocalı faciəsinə hüquqi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi.

24 fevral 1994-cü ildə Xocalı Soyqırımı (genosidi) Günü haqqında Azərbaycan Respublikası Milli Məclisi qərar qəbul etdi.

25 fevral 1997-ci ildə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə Sükut dəqiqəsi elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sərəncam verdi. Prezident Ümummilli Liderin layiqli siyasi varisi İlham Əliyev Xocalı Soyqırımına hüquqi qiymət verilməsi, bütün dünyada soyqırım kimi tanınması, qəbul edilməsi ilə bağlı Ulu Öndərin başladığı işi uğurla davam etdirir. Artıq dünyanın bir çox ölkələrin Xocalı faciəsini soyqırım kimi tanıyır və qeyd edirlər.

2020-ci ildə 44 günlük Azərbaycan-Ermənistan müharibəsində dövlətimizin qazandığı şanlı qələbə nəticəsində torpaqlarımızın çox böyük hissəsi işğaldan azad olundu. Yaranmış yeni siyasi, hərbi, diplomatik reallıqlar bizə haqq verir ki, tam inamla və qətiyyətlə deyək:

“Xocalıların 30 illik intizarına son qoyulacağı günə az qalıb. Qədim oğuz, türk yurdu olan Xocalı öz sakinlərinə Xocalılara qovuşacaq.

30 il azan səsinə, Azərbaycan dilinə, nəğmələrinə həsrət qalan Xocalı öz sahiblərinin yolunu gözləyir.

Könül Məmmədova.
Göyçay Qeydiyyat şöbəsinin rəisi.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}