“The Guardian”dan xəbərdarlıq: "Koronavirus bizi aldatmağa başlayıb"


 

Koronavirusun geniş yayılmaqda olan delta variantı tam fərqli simptomlar göstərir və adamları yanıldır – insanlar virusa yoluxmadıqlarını düşünərək kütləvi əyləncə yerlərinə getməyə davam edirlər. Böyük Britaniyanın “The Guardian” qəzetində bununla bağlı xəbərdarlıq yazısı dərc olunub. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.

Tədqiqatçılar koronavirusun Böyük Britaniyada geniş yayılan variantının (delta variantı) adi zökəmlə eyni simptomlara malik olduğunu deyirlər. Onların sözlərinə görə, başağrısı, boğaz ağrısı və burun axması delta variantının ən çox rast gəlinən simptomlarıdır.

Tədqiqat London Kral Kollecinin genetik epidemiologiya üzrə professoru Tim Spektorun rəhbərliyi ilə aparılıb.

Professorun sözlərinə görə, koronavirus simptomlarını təhlil etmək üçün “Zoe” şirkəti tərəfindən tətbiqi proqram əsasında aparılmış tədqiqatının nəticələri göstərib ki, koronavirusun ilk dəfə Hindistanda aşkarlanan delta variantı adi zökəmə bənzəyir: 


“Hazırda koronavirus tam fərqli simptomlar göstərir və bir növ güclü zökəmi xatırladır. İnsanlar sadəcə mövsümi qripə tutulduqlarını düşünərək kütləvi əyləncə yerlərinə getməyə davam edirlər. Zənnimizcə, bu yanıldıcı simptomlar problemi daha da qəlizləşdirir. May ayının əvvəllərindən tətbiqi proqram istifadəçilərində ən çox müşahidə olunmuş simptomlara nəzər saldıqda görürük ki, bu simptomlar koronavirusun əvvəlki simptomları ilə eyni deyil. Ən çox rast gəlinən simptomlar arasında birinci yeri başağrısı tutur. Ondan sonra boğaz ağrısı, burun axması və yüksək hərarət gəlir”.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən verilən məlumatda qeyd olunur ki, koronavirusun ənənəvi simptomlarına yüksək hərarət, öskürək, iybilmə və dadbilmənin itməsi daxildir. Amma professor Tim Spektor deyir ki, koronavirusun delta variantında ən çox rast gəlinən simptomlar arasında öskürək 5-ci yerdə gəlir. İybilmənin itməsi isə ümumiyyətlə ilk 10 simptom arasında yoxdur.

Əldə olunan statistik məlumatlara nəzər salsaq görərik ki, koronavirusun delta variantının yoluxuculuq qabiliyyəti onun ilk dəfə Böyük Britaniyanın Kent əyalətində aşkarlanmış alfa variantının yoluxuculuq qabiliyyətindən ən azı 40% daha yüksəkdir. Bu isə xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayının ikiqat artması ilə nəticələnib.

Araşdırmalar nəticəsində məlum olub ki, delta variantı peyvəndlərə daha böyük müqavimət göstərir. Xüsusən də peyvəndin birinci dozası deltanın öhdəsindən gəlməkdə acizdir.

Böyük Britaniyada prioritet əhali qruplarının sürətli peyvənd olunmasını nəzərdə tutan vaksinasiya kampaniyası nəticəsində yaşlı əhalinin əksəriyyəti peyvəndin hər iki dozasını vurdursa da, gənclərin çoxu hələ yalnız birinci dozanı vurdurub və peyvəndin heç bir dozasını qəbul etməmiş şəxslərin sayı kifayət qədər yüksəkdir.

“The Guardian”ın apardığı təhlilə əsasən, İngiltərədə əhalinin üçdə ikisi hələ də peyvənd olunmadığı üçün delta təhlükəsi ilə üz-üzə qalıb.


“İnsanlara demək istədiyimiz odur ki, əgər özünüzdə soyuqdəyməni xatırladan yüngül simptomlar müşahidə edirsinizsə, evdə qalın və koronavirus testi verin” deyə professor Tim Spektor xəbərdarlıq edir.

Tim Spektorun rəhbərlik etdiyi tədqiqat onun yaratdığı “Zoe” tibbi elmlər müəssisənə məxsus tətbiqi proqram vasitəsilə aparılıb. Proqramda bütün dünyada 4 milyondan çox insan öz məlumatlarını paylaşıb.

Ötən həftə dərc edilən məlumatlara əsasən, Böyük Britaniyada peyvənd olunmamış şəxslər arasında koronavirusa yoluxma halları yüksəkdir və sürətlə artır. 23 may-5 iyun tarixlərində əldə edilən məlumatlara görə, yoluxma halları ən çox 20-29 yaşlarında olan insanlarda qeydə alınıb, növbəti yeri isə 19 yaşadək olanlar tutur (buraya ekspress-testlərin nəticələri daxil deyil).

Yüksək yoluxma göstəricisi virusun yoluxuculuq qabiliyyətinin artması və sosial məsafə qaydalarının gözlənilməməsi ilə əlaqələndirilir. Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, 2-6 iyun tarixlərində Böyük Britaniyada açıq havada sosial məsafə qaydalarına əməl edən yetkin şəxslərin sayı 68%-ə düşüb. Halbuki ondan bir həftə əvvəl bu göstərici 74% təşkil edirdi.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}