Novxanıda qanunsuz balıq ovu ilə bağlı reydlərin nəticəsi açıqlanıb
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayənədələri Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə Abşeron rayonunun "Novxanı bağlar massivi" adlanan ərazisində qanunsuz balıq ovu ilə bağlı reyd keçiriblər. Şəffaflıq.az bu barədə nazirliyə istinadən xəbər verir. Reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayanlar müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan sintetik tor vasitəsilə ovlanmış 90 ədəd külmə və 3 ədəd çapaq balığı, həmçinin istifadəsi qadağan edilmiş qanunsuz ov vasitələri götürülüb. Məlumata görə, qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam edir. Kənd Təsərrüfatı Nazirliyi xatırladır ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.
Facebook-da paylaş
