Ötən il Konstitusiya Məhkəməsinə 2049 ərizə və konstitusiya şikayəti daxil olub
Fərhad Abdullayevin sədrliyi ilə yanvarın 28-də Konstitusiya Məhkəməsi Aparatının 2024-cü ilin yekunlarına həsr olunan hesabat iclası keçirilib. Bu barədə Konstitusiya Məhkəməsi Aparatından məlumat verilib. Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenumu ötən il Ali Məhkəmənin, Baş Prokurorluğun və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. Konstitusiya Məhkəməsinə hesabat ili ərzində ümumilikdə 2049 ərizə və konstitusiya şikayəti, onlardan da 859 ərizə və konstitusiya şikayəti onlayn müraciət vasitəsilə daxil olub. Vurğulanıb ki, Konstitusiya Məhkəməsinin Plenumu konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edib. Qərarlarda cinayət və cinayət prosessual qanunvericiliyin, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktiki izahlar verilib. Eyni zamanda qeyd olunub ki, digər məsələlər üzrə konstitusiya şikayətləri müvafiq açıqlamalarla aidiyyəti orqanlara göndərilib və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə imtina edilib. Şəffaflıq.az
Facebook-da paylaş