Ötən il nöqsanlara görə bir nəfər prokurorluqdan xaric edilib, yeddisi vəzifəsindən azad olunub
2024-cü ildə 382 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib. Şəffaflıq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. Baş prokuror bildirib ki, 2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunmuş, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib. Həmçinin, bildirilib ki, 2024-cü ildə 52 prokurorluq işçisi işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib: "2024-cü ildə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə 55 şəxs işə qəbul edilib, 85 şəxs isə həvəsləndirilib. Bundan başqa, hesabat dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarla təltif edilib".
Facebook-da paylaş