Xırdalanda mənzildə partlayış olub, yaralılar var
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-dən məlumat verilib. Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Şəffaflıq.az
Facebook-da paylaş