Prokuror 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli iş adamına 13 il cəza istəyib


Bakıda 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli şirkət rəhbəri Mehmet Şahanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Şəffaflıq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək məhkəmədən Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkilləri isə ittihamın məhkəmə dövründə təsdiqini tapmadığı üçün Mehmet Şahan barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Mehmet Şahan da son sözünü deyərək məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş edib.

Proses dekabrın 3-nə təyin edilib. Həmin gün məhkəmədə hökm oxunacaq.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, "THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin Şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}