Lənkəran Regional Elmi Mərkəzində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş elmi seminar keçirilib


Oktyabrın 18-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Lənkəran bölgəsi yazarlarının yaradıcılığında avanqard meyillər” mövzusunda elmi seminar keçirilib. 


Şəffaflıq.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev bildirib ki, bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünü qeyd edir. 33 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. 

   Mehman Qaraxan oğlu Əliyev əlavə edib ki, müstəqillik ab-havası, ilk növbədə, özünü ədəbiyyatda göstərmişdir. Ədəbiyyatımızdakı avanqard meyillər də Lənkəran bölgəsi yazarlarının yaradıcılığından yan keçməmişdir. Ötən əsrin 60-70-ci illərində respublikada olan yeni siyasi və ədəbi ab-havanın təsiri ilə Lənkəranda Vaqif Hüseynov və İltifat Salehin yaradıcılığında avanqard meyillər müəyyən qədər özünü göstərirdi. Sonrakı ədəbi nəsillərdə isə avanqardizm meyilləri xüsusilə gücləndi. Sonra Mərkəzin əməkdaşı, şair Ağamir Cavadın müzakirə olunan mövzu ilə əlaqədar məruzəsi dinlənilib. O, qeyd edib ki, bu gün avanqard meyillər Astaradan Aqil Yaqub və Mehman Qaraxanoğlu, Lerikdən Qədiməli Əhməd, Nəriman Ağazadə, Balayar Sadiq və  Samir Kərimov, Masallıdan Arif Fərzəli, Kəramət  Kəramət, Cəlilabaddan Bilal Alarlı, Əlizadə Nuri, Lənkərandan Sərraf Talıb, Əhməd Haqsevər, Cavi Dan, Tərlan Əbilov, Nurəddin Şaya, Tofiq Həsənli, Xatirə Xatun, Anar Seyidağa, Ziya Dilsuz, Aytəkin Əziz və başqalarının əsərlərində özünü qabarıq şəkildə göstərməkdədir. Adlarını çəkdiyim şairlər şeirimizin əruz və heca vəznlərində gözəl əsərlər yazmaqla yanaşı, klassik ənənələrə sığmayan, ənənəvi çərçivələri yaran, avanqard meyilləri özündə ehtiva edən ağ şeirlər də qələmə alaraq bu sahədə də uğurlar qazanmağa nail olmuşlar. Onların yaradıcılığını izləyərkən yeni obrazların, bədii ifadə vasitələrinin orijinallığı ilə qarşılaşırsan. Bu şeirlərdə poetik fikir sürreal və simvolik lövhələrlə avanqard şəkildə özünü göstərir. 

 Mərkəzin əməkdaşı Nəzrin Əlizadənin lənkəranlı şairlərdən Tərlan və Tofiq Həsənlinin yaradıcılığına həsr edilmiş çıxışı maraqla qarşılanıb.

 Tədbirdə qonaq qismində iştirak edən Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) Xüsusi Konstruktor Texnoloji Bürosunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ağababa İbrahimov, filoloq Allahverən Qənbərli, Bəlləbur kənd tam orta məktəbinin direktoru Səfail Qurbanov, Mərkəzin əməkdaşlarından Sevinc Hüseynova, Fəranə Mikayılova, İsaq Məmmədov Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini söyləyiblər. Lənkəranlı yazar Ağadadaş Əliyev, şairlərdən Aytəkin Əziz, Anar Seyidağa, tarixçi-alim Samir Kərimov, Xaqani Muğamatoğlu, Ziya Dilsuz mülahizələrini bölüşüb, yeni şeirlərini ifa ediblər. Elmi seminarda iştirak edən Lənkəran Dövlət Universitetinin “Azərbaycan-dili və ədəbiyyat” ixtisasının III kurs tələbələrindən Zeynəb Əhədova, Zeynəb Səadətzadə, Aynur Əsədova və Ləman Bayramovanın sualları cavablandırılıb. Maraqlı diskussiya və açıq dialoq şəklində keçən tədbiri yekunlaşdıran Mehman Qaraxan oğlu Əliyev iştirakçıların hər birinə minnətdarlığını bildirib. 



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}