Fazil Mustafaya qarşı sui-qəsd cəhdi edənlərin məhkəməsinin ilk baxış iclası keçirildi - FOTO
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Şəffaflıq.az report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri zərərçəkmiş Fazil Mustafanın məhkəmədə iştirak etməsi ilə bağlı vəsatətin təmin olunmasını istəyiblər. Emin Əliyarovun vəkilləri - Kamandar Nəsibov və Sadiq Rəsulov Fazil Mustafanın prosesdə iştirak etməməsinə etiraz bildirməyiblər. Hakim deyib ki, hazırkı mərhələdə Fazil Mustafanın iştirakı olmadan iclas davam etdirilir, lakin növbəti iclaslarda lazım olsa, Fazil Mustafanın iştirakı təmin olunacaq. Daha sonra prokuror Orxan Kəngərli ittiham aktını açıqlayıb. İttihama görə, Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə millət vəkili Fazil Mustafanın dini baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər. Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə "Kalaşnikov" konstruksiyalı avtomat silah əldə ediblər. Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Sarıcanova verib. Hadisədən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Sarıcanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahı avtomat silahı isə Səbuhi Şirinova verib. Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb. Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Hadisədən sonra Azər Sarıcanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs olunublar.
Facebook-da paylaş