Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Azərbaycan ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 28 dekabr - 7 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib. Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Bildirilir ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək. Vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər. Şəffaflıq.az
Facebook-da paylaş