Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib.-FOTO
Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram – Zəfər Günü münasibətilə noyabrın 6-da Baş Prokurorluqda tədbir keçirilib. Şəffaflıq.az xəbər verir ki, ilk öncə Baş Prokurorluğun rəhbər heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad edib. Tədbirdə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını və xalqımızı bayram münasibətilə təbrik edib. Yüksək səviyyəli tədbirdə Türkiyənin Hakimlər və Prokurorlar Şurasının geniş tərkibli nümayəndə heyəti həmçinin, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib. Baş prokuror diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib, 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyimiz və konstitusiya quruluşu bərpa edilib. Bayrağımızın tarixi torpaqlarımız olan Xankəndidə, Ağdərədə, Əsgəran, Xocavənd, Xocalıda yüksəldildiyini qürurla qeyd edən Baş prokuror Qarabağ bölgəsindəki qondarma rejimin ləğv edildiyini, bölgədə olan bütün silahlı erməni dəstələrinin tərk-silah edildiyini, qondarma rejimin keçmiş “rəhbər”ləri və digər separatçıların isə tutularaq cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə çatdırıb. K.Əliyev qeyd edib ki, zəfərin təməlini Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası və ordu quruculuğu, habelə bu uğurlu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən inamla reallaşdırılması təşkil edib. 44 günlük vətən müharibəsində, həm də ondan sonrakı dövrdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğının nümayiş etdirildiyini nəzərə çatdıran Baş prokuror, həmçinin, azad edilmiş bölgələrdə gerçəkləşən və bütün dünyanı heyrətləndirən quruculuq və bərpa işlərinin aparıldığını, əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın yüksək səviyyədə icra olunduğunu vurğulayıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ərazilərdə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində prokurorluq əməkdaşları xidmətlərini daha səmərəli və peşəkar təşkil edilib. Tədbir zamanı çıxış edən türkiyəli nümayəndə heyətinin rəhbəri, Hakimlər və Prokurorlar Şurasının 1-ci Dairə üzvü xanım Aysel Demirel 8 noyabr Zəfər Günü münasibətilə təbriklərini ifadə edib, əlamətdar tarixdə Azərbaycana gəldiklərindən məmnunluğunu bildirib. İki qardaş ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini nəzərə çatdıran xanım Aysel Demirel Türkiyə dövləti və xalqının Azərbaycanın əldə etdiyi nailiyyətlərə sevindiyini və bunun davamlı olmasını arzuladığını qeyd edib. Sonda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Facebook-da paylaş