Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında çıxış edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov çıxışı zamanı TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. O, ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların və səfərlərin, eləcə də bütün müstəvilərdə qarşılıqlı dəstəyin göstərilməsinin əməkdaşlığın inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Mövcud təhdid və çağırışların aradan qaldırılması kontekstində yaranacaq yeni beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında Türk birliyinin əhəmiyyətli rol oynayacağı vurğulanıb. TDT-yə üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artması ilə yanaşı 2009-cu il Naxçıvan Zirvə Görüşündən etibarən TDT-nin beynəlxalq müstəvidə önəminin də artdığı qeyd edilib. Bununla yanaşı, TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb. Nazir Ceyhun Bayramov öz nitqində, Azərbaycan Respublikası Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündəki çıxışının əsasında nəqliyyat məsələlərinin dayandığını, ölkələrimiz arasında münasibətlərin nəqliyyat və kommunikasiya sahəsində daha effektiv inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Bu xüsusda, regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsinin böyük nailiyyətlərin əldə olunmasına xidmət edəcəyini bildirib. Onuncu Zirvə Görüşünün “TURKTIME! – Ənənələr, Birləşmə, İslahatlar, Bilik, İnam, Sərmayələr və Qarşılıqlı Enerji!” mövzusunun bugünkü reallığa uyğun seçildiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, həmçinin tarif məsələlərini əlaqələndirməklə nizamlanması istiqamətində təsirli birgə tədbirlərin görülməsinin önəmi diqqətə çatdırılıb. Nazir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun yaradılmasının Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşmasına töhfə verəcəyini vurğulayıb. Şəffaflıq.az
Facebook-da paylaş