Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılması və aparılması nəzərdə tutulur. Şəffaflıq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nda öz əksini tapıb. Bundan başqa, Strategiyanın əhatə etdiyi dövr ərzində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur: - informasiya təcavüzünə və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərin qarşısını ala bilən müasir texnologiyaların (o cümlədən süni intellektə əsaslanan texnologiyaların) işlənib hazırlanması üçün fəaliyyətin gücləndirilməsi; - informasiya təhlükəsizliyi hadisələrinin monitorinqinin, insidentləri və kritik halları aşkarlama meyarlarının müəyyən edilməsinin və tətbiqinin təmin olunması; - informasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələr üzrə təminatının təkmilləşdirilməsi, bu sahədə yerli istehsalçıların inkişafına dəstək verilməsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində startapların fəaliyyətinin genişləndirilməsi; - informasiyalaşdırma obyektlərində, texniki xidmət və informasiya xidməti subyektlərində informasiya təhlükəsizliyini idarəetmə sistemlərinin (İTİS-lərin) formalaşdırılmasının, onların səmərəlilik səviyyələrinin ölçülməsinin təmin edilməsi; - fərdi məlumatların mühafizəsinin gücləndirilməsi; - İKT- xidmət subyektlərində fəaliyyətin təkmilləşdirilməsi; - “ağıllı” sistemlərin təhlükəsizliyinin təkmilləşdirilməsi; - mediada, o cümlədən milli rəqəmsal efir məkanında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin davamlı təkmilləşdirilməsi; - kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmini; - fövqəladə hallarda, müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyini və onun idarə edilməsini təmin etmək üçün təşkilati əsasların yaradılması; - kibercinayətkarlığa qarşı mübarizə, o cümlədən kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində elmi tədqiqat və layihətəcrübə işlərinin real tətbiqləri nəticəsində rəqabətədavamlı məhsulların işlənməsi və hazırlanması; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyət üçün kompetensiya (bilik, bacarıq və səriştə) tələbatları, tədris və təlim proqramları, maarifləndirmə materialları bazasının formalaşdırılması və aktuallığının davamlı təmin olunması; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının və informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsinin təmin olunması; - informasiya təhlükəsizliyi sahəsində ali təhsil almış məzunların ixtisası üzrə məşğulluq səviyyəsinin yüksəldilməsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə ixtisaslaşan yeniyetmə və gənclərin təhdidlərdən mühafizəsinin təşkili; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qabaqcıl beynəlxalq hüquqi və texniki normativ alətlərin öyrənilməsi, informasiya təhlükəsizliyi və əlaqəli sahələrə aid beynəlxalq mənbələrin praktiki tövsiyələrinin təşviqi; - cəmiyyətdə geniş maarifləndirmə və məlumatlandırma nəticəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsinin təmin edilməsi; - internetdən gələn qlobal təhdidlərdən, zərərli informasiyalardan və yaranan fəsadlardan uşaqların mühafizəsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə idarəetmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması; - informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların ölkədə tətbiqinin genişləndirilməsi, o cümlədən müxtəlif standartlaşdırma təşkilatlarının məhsullarından ölkəmizdə vahid yanaşma ilə uyğunlaşdırılmış formada istifadənin təmin olunması və İnformasiya Təhlükəsizliyi üzrə Milli Standartların davamlı təkmilləşdirilməsi; - informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığını təmin edən təhsil müəssisələrinin səmərəliliyinin artırılması, yeni təhsil mərkəzlərinin formalaşdırılması; - informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq şirkətlərlə birgə laboratoriyaların formalaşdırılması.
Facebook-da paylaş