Tarixin ilk qadın hökmdarı - Tomris ana



Övlad dərdi anaya nələr etdirə biləcəyini Türk tarixinin ilk qadın hökmdarı Tomris xatunun hekayəsini oxuyarkən yaxından bilmək olur.

Tomris Xatun Saka dövlətinin böyük hökmdarı Alp Ər Tunqanın nəvəsidir. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra Saka türklərinin qadın lideri olur. Sakaların ən böyük düşməni olan Fars imperiyasına qarşı çoxlu müharibələrə rəhbərlik edir. Ağıllı və silahdan istifadə etməkdə mahir olan bu xanımın ordusunun əksəriyyəti qadınlardan ibarət olub.

Farsların imperatoru Böyük Kir sakaların başçısı Tomris xatunun oğlunu tələyə salaraq, xain bir planla öldürür.

Hadisədən məyus olan, lakin mübarizəsindən əl çəkməyən bu suveren ana oğlunun qisasını almağa and içir.

Tomris Xatun kimdir?

Tomris sözünün əski türk dilində hərfi mənası “dəmir” deməkdir. Dəmir kimi güclü şəxsiyyətə malik olan Tomris xatun eramızdan əvvəl 6-cı əsrdə yaşadığı güman edilən Saka və ya ədəbiyyatda İskitlər kimi qeyd edilən hökmdarlığın kraliçası olub. Saka dövləti Orta Asiya, Avropanın şərqi və Qara dənizin şimalını əhatə edirdi. Dünya tarixində iz qoyan bu qadının rəhbərliyi ilə fars ordusu məğlubiyyətə uğrayır. Ağrılı günlər keçirən Tomris xatun müharibədə oğlunu itirsə də, yolundan dönməyərək Fars imperiyasının sonunu gətirməyi bacarır.

Herodotun yazdığına görə, fars ordusu Babili ələ keçirdikdən sonra o, yeni torpaqlar əldə etmək üçün Saka ərazisinə səfərə çıxır. Tomris xatun sülhpərvər siyasət yürütsə də, Fars imperatoru Böyük Kir dayanmadan basqınlar təşkil edir. Ancaq o yanmış tarlalardan və zəhərlənmiş su quyularından başqa heç nə əldə edə bilmir və geri qayıtmaq məcburiyyətində qalır.

Sakaların qorxutma taktikası kimi görülən bu hərəkət farsları çox yorur və başqa bir yol sınamaq istəyən Böyük Kir hiyləgər bir fikirlə Tomris xatunun qarşısına çıxır. Onunla evlənəcəyi təqdirdə daha müharibə olmayacağına söz verən Kiros çox ağıllı olan Tomris xatunu aldada bilmir.

Təklifinə rədd cavabı alan fars imperatoru hiylə ilə sakları ram edə bilmədiyi üçün əsl niyyətini ortaya qoyaraq qoşunlarını Araz çayı üzərindən keçirir.

Çayı keçmək üçün körpü tikməkdən belə çəkinməyən bu acgöz imperator fərqli bir silahdan istifadə etməyə başlayır. Bu silah təlim keçmiş itlərdir və onlar döyüş mövqelərində yerləşdirilir. Bir müddət sonra Tomris xatun Böyük Kirə elçi göndərir və onlara hücumu dayandırmasını deyir. Əgər təslim olmaq istəmirsə, o zaman Saka ordusuna hücum etməyi davam etdirməsini söyləyir. Bu dəfə geri çəkilməklə qorxutma taktikasının heç bir nəticə verməyəcəyini düşünən Tomris xatun fərqli mövqe seçir və ordunun gəlməsini gözləyir.

İki düşmən ordusu arasında ziyafət çadırı quran Kir, bu ziyafətdə fars ordusunun zəif əsgərlərini, gözəl qadınlar, yemək və şərab qoyur. Bu çadıra hücum edən saklar farslardan bir neçəsini öldürüb əyləncələrini davam etdirirlər. Kir öz taktikasında uğur qazanır və Tomris Xatunun həmin çadırda olan oğlu Sparqapisi gözlənilmədən öldürür.

Oğlunun ölüm xəbərini eşidən, lakin mübarizəsini davam etdirən Tomris xatun deyir: “Qana susamış Böyük Kir! Oğlumu şücaətlə yox, ona içdirdiyin şərabla öldürdün. Günəşə and içirəm ki, səni qanla qidalandıracağam!”

Kir bu hədəyə önəm verməsə də, saklar müharibə hazırlığına başlayır.Əmisini də öldürən farslara nifrəti oğlunun öldürülməsi ilə güclənən bu qadın hökmdar ertəsi gün şiddətli müharibəyə başlayır. Saka türklərinin ilk qadın hökmdarı Tomris atlarına minib ölümə gedəcək əsgərlərinin qarşısında dayanıb ürək ağrıdan səslə: “Arxada qalan yalnız bizik. Əksəriyyəti qadın olan xalq və ordu, qadınlar da kişi qədər igiddir”. Farsların əsarətinə düşməməkdə qərarlı olan Tomris xatun və Saka ordusu eyni vaxtda şövqlə qışqıraraq and içirlər. Qəhrəman qadınların qışqırıqları hər yerdə əks-səda verir, öndə Tomris xanım, arxada cəsur döyüşçülər.

Herodot deyir: “Yer kürəsi heç vaxt belə ölüm arzusunda olan bir xalq görməmişdi”.

Bir tərəfdə 9 mini qadın olmaqla 13 min əsgərdən ibarət Saka ordusu, digər tərəfdə isə 100 minlik fars ordusu.Hər iki ordu uzun müddət döyüşdə üstünlük qazana bilmədi.

Farsların ən çevik hərbi hissəsi olan “Ölümsüzlərə” qarşı Sakaların məharətli ox atma bacarığı onları məğlub edir. Müxtəlif mənbələrdə qeyd edilir ki, saklar onlara xas döyüş taktikası olan qurd oyunu və aypara taktikası adlanan çöl döyüşü strategiyaları ilə qələbə qazanır. Öldürülənlər arasında Fars padşahı Böyük Kir də var. Tomris xatun əlində qanla dolu çuvalla ətrafda gəzir, döyüş meydanında Kirin cansız bədənini tapır, başını kəsib qanla dolu çuvalın içinə salır.

Sonra bu sözləri deyir; “Müharibədən sağ-salamat çıxdım, amma sən oğlumu aldatdın. İndi mən sənə verdiyim sözə əməl edirəm. Ömründə qan içməyə doymamısan, indi mənim əlimdə qanla doyursan”.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}