Əli Vahid Çaylı - 65. Salamına ehtiyac var, ay Əli!
Az-az insan var ki, onu canından bezdirsən də, sənə qıymır, könül evinin qırxıncı mərtəbəsində gizlətdiyi hörməti əksiltmir, azacıq gileylə səni «təqib» və «təhdid» edir, o an (da) sənə elə gəlir ki, dünyanın ən sayğılı insanına qarşı Allahsızlıq etmisən. Əslində, vücudunda işıq gördüyümüz insanlara ərk etmək sanki bir dünyadan başqa bir dünyaya köç etməkdir. O insanların idrak aləmi o qədər parıltılı olur ki, günahlarının acılığı itir...
Səmimi deyim ki, illərdir tanıdığım, evində çörək kəsdiyim, çətin anlarımda «əl açdığım» Əli Vahid Çaylı da vücudunu işıq saran, kefyiyyətli insan, sədaqətli dədədir. Çox vaxt (açığı) mən onu axtarmalı olduğum halda, o mənə zəng vurub, hal-əhval tutub, arada incik halda (məni) məzəmmət də edib. Onun gileyi də mənə xoş təsir verib; nəticə çıxarmaq üçün zamandan vaxt oğurlayıb hamıdan uzaqda, xəlvət bir küncdə düşünmüşəm. Anlamışam ki, heç bir bəhanə Əli müəllimdən «uzaq düşməyə» səbəb deyil...
Çoxumuza adi insan kimi görünən Əli Vahid Çaylı 65 ildir həyatla özü arasındakı enişli-yoxuşlu yolların yolçusudur. Çətinliklərdə bərkiyən bu sadiq insan artıq öz qürurunun, şəxsiyyət ucalığının fövqündədir. Həm çalışdığı sahələrdəki uğurları, həm də ailədəki kişi dəyanəti onun sevincini ikiqat artırır. O, işıqla qaranlığın bərq vurduğu məkanlarda hökmrandır. Onun şükranlıq dualarında zaman da işıqlı görünür, zülmət də.
Əli müəllim həyat yoldaşı Rəqibə xanımla birlikdə ailənin bütün yükünü mərd-mərdanə çiyinlərində daşıyıb, övladlarına həyat verib, onların ən çətin anlarında başlarının üstünü kəsdirib, yağışda və istidə çətir olublar. O «çətirləri» zamanın küləkləri də vurub, taleyin fırtınaları da, lakin heç bir təlatüm onlara zədə vura bilməyib...
Elə kollektiv arasında da Əli müəllim böyük hörmət və nüfuz sahibinə çevrilib. Yaxşılıq etmək, qəmgin vəziyyətdə olanların könlünü oxşamaq onun əsas işidir. Bu gün də onun əmək kodeksi bu komponentlərlə ehtiva edir. Bu mənada, qədir bilənlər, canlarında Allah xofu olanlar onu xeyirxah, alicənab və sadə-əsilzadə insan kimi tanıyırlar.
Tam qətiyyətlə deyim ki, ictimaiyyətin dəyər verdiyi bu işıqlı insanın sifət cizgilərində böyük tərbiyə, etik-əxlaq normaları məna tapır. İnsanlar onunla müxtəlif səmtlərdə üz-üzə gəlir və həmişə də onun simasında əxlaq cığırları görürlər. Sonra da bu cığırlarla özlərinə səmt axtarır, nə xoş ki, tapa bilirlər.
Əli Vahid Çaylı bəlkə də ona görə uca görünür ki, (hər dəfə dediyimiz kimi) vicdanlıdır, əsl azərbaycanlıdır, damarından həqiqi insan qanı axır, böyük-kiçik yeri bilir və s. O, insan kimi də, şair kimi də bütün ağrı-acılarını ürək bağladığı sözün bətnində qovurur, Allah eşqi ilə cilalayır, ən kədərli baxışlarda belə nikbin bir səmt tapır, könül dünyasının həyat səciyyələrini ruh qatdığı ovqatının limanında gəzdirir.
Bəllidir ki, hər insan seçdiyi, könül verdiyi peşənin yorulmaz «alpinisti»dir. Əli müəllim də SÖZ adlı okeana öz gəmisi ilə çıxıb, xoşbəxtdir ki, onun ictimai yüksəlişə güc verən yenilikçi ruhu heç vaxt dilemma qarşısında qalmayıb, əksinə, o, həyat və yaşam məzmunundakı sərrastlığı zahiri mənalara sığınacaq etmək üçün özünün insan və şəxsiyyət bacarığından məharətlə istifadə edə bilib...
Zəhmət böyük ucalığa qapı açır. Hər uğurun ardınca da yeni zəfər işıqları parlayır. Əli müəllimin əmək, şeir-sənət yolunda bu işıqlar həmişə parlaq çırpıntılar yaradıb. Elə buna görə onun ictimai-ədəbi fikirlərinin çoxunun əsas göstəricisi zəhmətə aludəçilik, haqqıdərkdir və onun ədalət duyğusu ən çətin təlatümləri əritmək gücündədir. O, həmişə mənfi ilə müsbətin çarpışdığı vadilərdən haqqa doğru səmt tapan arzularına köç edib, başqalarını da o vadilərdə pərvaz edən işığa batırıb.
Əli müəllim insana sadə dillə necə təsir etməyin yollarını bilir; bunun üçün nə dəridən-qabıqdan çıxır, nə də qarşısına planlı məqsəd qoyur, sadəcə, duyğularına inanıb, ruhunu iç dünyasının limanı sanır. Onun mərdanəlik hissi ailəsinin inam kəbəsidir. Onun çırpıntıya məruz qalan insan ehtiyacı Vətən dərdi qədər qabarıqdır. Ruhundakı milli hiss hər kəsi valeh edir. Kimdənsə təmənna gözləmir, əvəz ummur. Ətrafındakıların sevincini, kədərini, arzu və istəklərini özününküləşdirməyi bacarır. Bununla da ucalıq qazanır. Onun insan adı, vətəndaş əzmi yetişən nəsillərə (də) bir işıq mənbəyidir.
Əli müəllim (həm də) yaxşı məsləhətçidir. Oxumağı, savadlı olmağı, zəhmətə qatlaşmağı hər kəsə tövsiyə edir. O, həyatın çətinlik adlı toplarının təlatümlərindən gah gərilən, gah da iri dalğalar qoynunda ləngər vuran nəhəng gəmilər kimidir. Çətinliklərə tuş gəlib, əzilməyib, ağrı-acı çəkib, sızlamayıb, sınıb, əyilməyib. Bir gün çörəksiz qalmayıb, Allah onu öz bacarığının nemətləri ilə doydurub.
Dəfələrlə şahidi olmuşam ki, Əli müəllim (hətta) öz tikəsini belə qarşısındakına verib, dəyərli məsləhətləri ilə çoxlarının könül, qəlb toxluğunu təmin etmək üçün ulu Xaqanidən ölməz Sabirə qədər misal çəkib. Bu lətafətin işığında ac insan da doyub, tox insan da. Şansımıza belə bir insan düşdüyü üçün (təbii ki,) Allaha minnətdar olmalıyıq.
Beləliklə, Əli müəllimin insan baxışlarında əsl insan, əsl azərbaycanlı hünəri görür, örnək bir dədə salxarı, nümunəvi vətəndaş əzmi tapırıq. Bu əzm bizə sabahımızı görə bilmək şansı verir... Bütün bunlara görə 65 yaşının xumarında qarşıdakı ömür yollarını sıldırımlardan necə keçirmək narahatçılığı olmayan Əli Vahid Çaylıya təşəkkür edir, ona möhkəm can sağlığı, 100 yaşında əllərini sıxmağı arzulayırıq.
Hikmət Məlikzadə,
şair-publisist
Şəffaflıq.az
Facebook-da paylaş