Araz Əlizadə Vilyam Hacıyevin həbsindən danışdı: “Görünür, hamısı ağıllı deyil”

 “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsioner icra başçılarına qarşı keçirdiyi əməliyyatlar təqdirəlayiqdir”.
Bunu Sheffaflıq.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə İmişlinin icra başçısı Vilyam Hacıyevin həbs olunmasına münasibət bildirərkən deyib.
O söyləyib ki, Azərbaycanda bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri özbaşınalıqlar edirlər.
A.Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev xalqın rifahının daha da yaxşılaşması üçün əlindən gələni etsə də, dələduz icra başçıları öz şəxsi maraqlarını güdürlər.
“Bununla da həmin icra başçıları dövlətin siyasətinə qarşı çıxırlar. Mən elə düşünürdüm ki, bir-iki icra başçısının həbs olunmasından sonra digərləri də ağıllanarlar. Görünür, bunların heç də hamısı ağıllı deyil”.
Eks-deputat qeyd edib ki, bütün dələduzlar ifşa olunmalı və layiqli cəzalarını almalıdırlar.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər aşkar edilib. Habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
DTX-də aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 6-da imzaladığı sərəncamla Vilyam Hacıyev vəzifəsindən azad edilib.
Sheffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}