BTQ Burkina-Faso ilə elmi-tədqiqat, akademik mübadilə və dialoq üzrə əməkdaşlıq edəcək


Burkina-Faso Xarici İşlər Nazirliyi öz rəsmi "Facebook" səhifəsində Bakı Təşəbbüs Qrupu (BTQ) ilə imzalanmış Anlaşma Memorandumu barədə məlumat yayıb.

Bu barədə BTQ-dən məlumat verilib.

Bildirilib ki, sənəd iyulun 11-də Bakı şəhərində Ali Beynəlxalq Tədqiqatlar İnstitutunun (INHEI) baş direktoru Filip Sandvidi və BTQ-nin icraçı direktoru Abbas Abbasov tərəfindən imzalanaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə qüvvəyə minib.

Memorandum tərəflər arasında elmi-tədqiqat, təlim, akademik mübadilə və strateji dialoq sahələrində uzunmüddətli əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edir. Sənəd çərçivəsində ekspert, tədqiqatçı və s. mübadiləsinin təşkili, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, INHEI-nin tələbələri, diplomatlar və akademik heyəti üçün seminar, təlim proqramları, konfranslar və ekspert müzakirələrinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, bu əməkdaşlıq INHEI-nin heyəti üçün aparıcı beynəlxalq məktəblər və tədqiqat mərkəzləri ilə əlaqələrin genişləndirilməsinə və peşəkar səriştənin artırılmasına yeni imkanlar açacaq.

INHEI-nin baş direktoru Filip Sandvidi bildirib ki, BTQ ilə qurulan əməkdaşlıq Burkina-Fasonun ali rəhbərliyi tərəfindən irəli sürülən beynəlxalq tərəfdaşlıqların şaxələndirilməsi siyasətinə tam uyğundur və ölkənin diplomatik fəaliyyətinin beynəlxalq arenada gücləndirilməsinə töhfə verəcək.

Memorandumun icrası ilə əlaqədar tərəflər müntəzəm olaraq bir-birini məlumatlandıracaqlar.

Qeyd edək ki, bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətinə yayılmasında mühüm addım kimi qiymətləndirilir. BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq bir ölkənin dövlət orqanı ilə əməkdaşlığa başlayır. Sənəd BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktik əlaqələrin gücləndirilməsinə, Afrika ölkələrinin aparıcı tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə nəticəyönümlü əməkdaşlığın inkişafına zəmin yaradacaq. BTQ-nin rəhbərliyi ilə yaradılmış Qlobal Cənub Gənclər Platforması bu istiqamətdə fəaliyyətin tərkib hissəsidir.

Əməkdaşlıq çərçivəsində müstəmləkəçiliyin yaratdığı problemlər, neokolonial idarəetmə, təbii resursların istismarı, iqtisadi asılılıq mexanizmləri və reparasiya məsələlərinə dair birgə analitik hesabatlar və siyasət sənədləri hazırlanacaq, beynəlxalq təşkilatlar vasitəsilə geniş auditoriyaya çatdırılacaq.

Memorandum, həmçinin Afrika ölkələrində keçirilən tədbirlərdə BTQ ekspertlərinin iştirakını, gənc tədqiqatçılar üçün isə mübadilə və təlim proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}