8 Mart Beynəlxalq Qadınlar Bayramı Günüdür.
8 Mart – Beynəlxalq Qadınlar Günü
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbət tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.
1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Əziz Xanımlar! Sizləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Sizlərə uzun ömür, möhkəm can sağlığı və ailə səadəti arzulayırıq!
Şəffaflıq qəzetinin kollektivi adından
qəzetin təsisçisi və baş redaktoru
Vahid İsmayılov
Facebook-da paylaş