Alman parlamentarilərə qarşı irəli sürülən ittihamlarda ERMƏNİ İZİ...

 

İlqar Vəlizadə: "Bu məsələnin məhz növbədənkənar parlament seçkiləri ərəfəsində ortaya atılması heç də təsadüfi deyil"

"Bir çox digər məsələlərdə olduğu kimi, bu işdə də erməni lobbisinin barmağı ola bilər"

"Çünki son vaxtlar Avropa Şurası çərçivəsində ermənilərin xeyrinə olmayan qətnamələrin qəbulunda adıçəkilən deputatların da mühüm rolu olub"

Bugünlərdə, daha dəqiq desək, yanvarın 30-da Bundestaq Meklenburq-Ön Pomeraniyadan Xristian Demokratik İttifaqının (XDİ) deputatı Karin Strenzi deputat toxunulmazlığından məhrum edib. Bu barədə turan.az-da yer alan informasiyaya görə, Almaniyanın "Deutsche Welle" (DW) nəşri iddia edir ki, Karin Strenz Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın maraqlarını lobbiləşdirmək üçün ən azı 22 min avro rüşvət almaqda ittiham olunur. Məhz elə bu səbəbdən də Strenzin barəsində istintaqla əlaqədar prokurorluq, Federal Cinayət İşləri İdarəsi və Belçika polisinin 100-ə yaxın əməkdaşı 16 obyektdə - Bundestaqda deputatın ofisi, Berlindəki şəxsi mənzili, həmçinin Berlində yaşayış yerlərində, ofislərdə və vəkil kontorlarında, Meklenburq-Ön Pomeraniyada və Bavariyada federal torpaqlarda, Belçikada axtarış aparıblar.

Qeyd edək ki, bu işdə onunla birlikdə Bundestaqın Bavariya Xristian Sosial İttifaqından (XSİ) keçmiş deputatı, daxili işlər naziri yanında sabiq parlament katibi Eduard Lintnerin də adı keçir. Prokurorluğun məlumatına görə, Lintner 2008-ci ildən 2016-cı ilə qədər Baltik ölkələrində banklarda hesabı olan saxta Britaniya şirkətləri vasitəsilə Azərbaycandan 4 milyona yaxın avro alıb. Öz mükafatını götürdükdən sonra bu pulun xeyli hissəsini AŞPA-nın ayrı-ayrı üzvlərinə göndərib. Onlar Azərbaycandakı seçkilərlə bağlı müsbət rəy verməli və bu ölkədə siyasi məhbusların azad edilməsi tələblərinə qarşı çıxmalı idilər. "Deutsche Welle" onu da yazır ki, Azərbaycanın maraqlarının lobbiləşdirilməsi və ələ alınma ilə bağlı işdə üçüncü şübhəli də var, lakin istintaq hələlik onun adını açıqlamır. O, saxta firma yaratmaqda və AŞPA üzvlərinin ələ alınması məqsədilə Azərbaycandan pul vəsaitlərinin köçürülməsi üçün özünün vəkil kontoru vasitəsilə bank hesabları açmaqda ittiham olunur.

Almaniyanın "Bild" qəzeti isə "Birlik siyasətçiləri Strenz və Lintnerə basqın" başlığı altında dərc olunan yazıda məlumat verir ki, bu məsələdə çirkli pulların yuyulması da diqqət mərkəzindədir. Nəşrin iddiasına görə, Eduard Lintner Azərbaycandakı adları hələlik açıqlanmayan səlahiyyətli şəxslərlə işbirliyi qurub rüşvət almaqda şübhəli bilinir və bunun üçün də pul alıb. Onun şəxs olaraq aldığı rüşvətin məbləği təxminən, 500 min avro olduğu qeyd edilir. Həmçinin, o da bildirilri ki, Avropa Şurasının müstəqil ekspertləri 2018-ci ildə adıçəkilən şəxslərin korrupsiya fəaliyyətlərini aşkar etmiş, hesabatlarında Lintner və Strenz adlarını vermişdilər. Məruzədə Lintner Azərbaycanın "əsas lobbiçisi" kimi təsvir edilmişdi.

Deputat toxunulmazlığından məhrum edilən Karin Strenz barəsində irəli sürülən ittihamları qəti şəkildə rədd edib

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, alman deputat Karin Strenz isə öz növbəsində, hələ bir müddət əvvəl barəsində irəli sürülən ittihamları qəti şəkildə rədd edib. Belə ki, Strenz məsələ ilə bağlı yayadığı bəyanatında "Mən heç vaxt Azərbaycan üçün lobbiçilik etməmişəm" deməklə yanaşı, ona qarşı səslənən ittihamların tamamilə səhv olduğunu qeyd edib: "Avropa Şurası Parlament Assambleyasının üzvü kimi Avropa Şurasına üzv dövlətlər tərəfindən keçirilən parlament və prezident seçkilərində müşahidəçi kimi qeydiyyatdan keçmək və iştirak etmək hüququm var idi. Beləliklə, mən 2013 və 2015-ci illərdə Azərbaycanda keçirilmiş seçkilərin, 2016-cı ildə isə Qazaxıstanda və Gürcüstanda keçirilmiş seçkilərin müşahidə olunmasında kömək etdim". Karin Strenz bəyanatında həmçinin, deyib ki, ona qarşı səslənən ittihamlarda şəxsi biznes maraqlarının seçkinin nəticələrini qiymətləndirməyinə təsir etdiyi bildirilir: "Mən yalnız deyə bilərəm ki, bu iddialar tamamilə səhvdir. Mən 2010-cu ildə Azərbaycanda seçkilərin müşahidəsində iştirak etmişəm. Avropa Şurası Parlament Assambleyasının üzvü cənab Eduard Lintner ilə ilk tanışlığım da o zaman olub. Bu zaman, o, həmkarlarından kiminsə Azərbaycanda seçkiləri müşahidə etməkdə maraqlı olub-olmadığını soruşdu. Mən öz marağımı bildirdim və 2010-cu ilin sonunda Azərbaycana səfər etdim. Seçki günü televiziyada müsahibə verdim və qeyd etdim ki, müşahidə zamanı heç bir qanun pozuntusuna, çatışmazlığa rast gəlməmişəm. Avropa Şurası Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin sədr müavini cənab Şvab bu açıqlamalarımı haqsızlıq kimi dəyərləndirməyə davam edir. Mənə qarşı yönəldilmiş mətbuat araşdırmalarında Avropa Şurası Parlament Assambleyasında siyasi məhbusların azad edilməsinə qarşı səs verdiyim iddia edilir. Belə bir hal baş verməyib. Bu iddiaları tamamilə rədd edirəm. 2015-ci il iyunun 22-də, plenar iclasda, "Azərbaycanda demokratik institutların fəaliyyəti" mövzusunda qətnamə təklifi Avropa Şurası Parlament Assambleyası üzvləri tərəfindən səsverməyə çıxarıldı. Gündəliyin əvvəlində təqdim olunan təkliflərlə heç bir şübhəsiz razılaşdım. Ancaq müzakirələrin gedişatında, düzəliş etmək üçün fərdi təkliflər oldu və 32 müraciət müzakirə edildi. Bu təkliflər mənim və Avropa Şurasındakı qrupumun digər üzvlərinin dəstək ola bilməyəcəyi dərəcədə sərt tədbirlər görülməsi ilə bağlı idi. Təqdim olunan layihənin 11.4.6-cı bəndində tələb edildi ki, "Həbs olunması əsaslı şübhə və narahatlıq doğuran məhbusların azad edilməsi üçün bütün mövcud hüquqi vasitələrdən istifadə edilsin". Heç bir şübhəsiz mən bu təklifin lehinə səs verməliydim. Həbsdə olan şəxsləri əhatə edən bütün şübhələri aradan qaldırmaq hər bir dövlətin vəzifəsidir. Bir çox təklifdən sonra sərt addımlar atılması ilə bağlı təkliflər mənim qətnamənin lehinə səs verməməyim demək idi. Çünki mən inanıram ki, daha yaxşı nailiyyətlər əldə etmək üçün sərt üsullardan istifadə etmək yox, körpülər qurmaq və danışıqlar aparmaq lazımdır". Azərbaycanda seçkilərdə müşahidələri ilə bağlı bəyannaməni imzalayarkən Avropa Şurasına yalan danışmadığını iddia edən Karin Strenz Avropa Şurasında səsvermə zamanı üçüncü tərəfin təsirinə məruz qalmadığını və rüşvət almadığını da bəyan edib.

"Hələlik alman parlamentarilərə qarşı irəli sürülən ittihamlar isbat olunmayıb"

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq İlqar Vəlizadə isə hesab edir ki, hər şeydən öncə alman parlamentarilərə qarşı irəli sürülən ittihamlar isbat olunmalıdır: "Hələlik ittihamların heç biri isbat olunmayıb. Ortada sadəcə, fərziyyələr, müəyyən danışıqlar fonunda ittihamlar mövcuddur. Onu da qeyd edim ki, bu məsələnin məhz növbədənkənar parlament seçkiləri ərəfəsində ortaya atılması heç də təsadüfi deyil. Belə ki, hazırda Azərbaycan seçki ərəfəsindədir. Məhz indi bu məsələnin qaldırılması əslində, müəyyən dərəcədə şübhələr doğurur. Görünən odur ki, burda qaranlıq məsələlər çoxdur. Ona görə də məsələyə birmənalı münasibət bildirmək düzgün olmazdı".

Azərbaycanla bağlı bu cür "faktlar"ın ilk dəfə deyil ki, üzə çıxdığını vurğulayan politoloqun sözlərinə görə, əsasən bu cür hallar hər dəfəsində müəyyən daxili siyasi proseslər fonunda baş verib: "Elə bu səbəbdən də bütün bunlar Azərbaycan qarşı təzyiq kimi görsənir. Təbii ki, irəli sürülən ittihamlar olduqca ciddidir. Lakin hələlik isbat olunmayıb. Bunun üçün müəyyən komissiyalar araşdırma aparmalı, ortaya konkret dəlillər qoymalıdır. İndi bütün bunlar sadəcə söz-söhbətlərdir. Çünki alman parlamentarilərə qarşı irəli sürülən ittihamlarla bağlı sübut yoxdur.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, bir çox digər məsələlərdə olduğu kimi, bu işdə də erməni lobbisinin barmağı ola bilər. Yəni bu versiyanı da istisna etmək olmaz. Çox güman ki, bu məsələdə erməni lobbisinin də rolu var. Çünki son vaxtlar Avropa Şurası çərçivəsində bir çox qətnamələr qəbul olunub və onların əksəriyyəti ermənilərin xeyrinə deyil. Məsələnin maraqlı tərəfi ondadır ki, həmin qətnamələrin qəbulunda adıçəkilən alman deputatların da mühüm rolu olub. Yəni onlar bu işdə fəal şəkildə iştirak ediblər. Bunu nəzərə aldıqda, demək olar ki, onlara qarşı başlanmış kampaniyanın arxasında konkret məqsədlər durur və burada əsas niyyət Azərbaycanı sıxışdırmaq, mövqeyini zəiflətməkdir".

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}