Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır


Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır və siyasi dialoqu dərinləşdirmək, iqtisadi əlaqələri genişləndirmək və humanitar əməkdaşlığı inkişaf etdirmək üçün səmərəli platforma kimi xidmət edir.

Şəffaflıq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində söyləyib.

Dövlət başçısı xatırladıb ki, ötən il Şuşada ilk qeyri-rəsmi Zirvə toplantısı, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı keçirilib. "Bu yüksək səviyyəli görüşlərdə təşkilat çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, türk dünyasının sıx birləşməsinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb", - deyə Prezident qeyd edib.

Dövlət başçısı 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini xüsusi vurğulayıb. "Bu hadisə türk elmi, mədəniyyəti və birliyinin inkişafında mühüm mərhələ oldu. Növbəti il bu əlamətdar forumun keçirilməsindən 100 il tamam olacaq və Birinci Türkoloji Qurultayın yubileyi TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması planlaşdırılır", - deyə dövlət başçısı vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan və Qazaxıstan xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir: "2023-cü ildə Azərbaycanda Qazaxıstan mədəniyyəti Günləri, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan mədəniyyəti Günləri keçirildi. Belə tədbirlər xalqlarımız arasında yaradıcı əlaqələrin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}