Alimlər qan dövranı və immun sisteminin qocalmasının əsas mexanizmini aşkar ediblər
Çikaqodakı İllinoys Universitetinin alimləri müəyyən ediblər ki, yaşla birlikdə "PF4" (trombosit faktoru 4) adlı zülalın səviyyəsinin azalması qan kök hüceyrələrinin fəaliyyətində dəyişikliklərə səbəb olur. Bu zülalın yaşlı hüceyrələrə yeridilməsi isə yaşlanma ilə bağlı dəyişikliklərin qismən yavaşladılmasına imkan verir. "Report"un məlumatına görə, bu barədə araşdırmanın nəticələri "Blood" jurnalında dərc olunub. Tədqiqat zamanı alimlər hematopoetik kök hüceyrələrinə (qan kök hüceyrələri) diqqət yetiriblər. Bu hüceyrələr sümük iliyində yerləşir və müxtəlif qan və immun hüceyrələrinə çevrilə bilirlər. Lakin yaşlandıqca onların aktivliyi pozulur: lazımi hüceyrə növlərini balanslı şəkildə istehsal etmək qabiliyyətini itirirlər və mutasiya ilə iltihab mənbəyinə çevrilirlər. "PF4" gənc orqanizmdə kök hüceyrələrin həddindən artıq çoxalmasının qarşısını alan siqnal zülalı rolunu oynayır. Yaşla birlikdə "PF4" səviyyəsi azalır və hüceyrələr daha tez bölünməyə başlayır ki, bu da mutasiyaların, qan xərçənginin və ürək-damar xəstəliklərinin riskini artırır", – deyə tədqiqat müəlliflərindən biri, farmakologiya və regenerativ tibb üzrə dosent Sandra Pinyo izah edib. Alimlər siçanlar üzərində və laboratoriya şəraitində insan hüceyrələri ilə eksperimentlər aparıblar. "PF4"ün bir ay ərzində yaşlı siçanlara gündəlik yeridilməsi onların immun və qan yaradan hüceyrələrinin vəziyyətini yaxşılaşdırıb, bu hüceyrələr gənc heyvanlardakı kimi fəaliyyət göstərməyə başlayıb. Eyni təsir yaşlı insan kök hüceyrələrində də müşahidə olunub. "Bu, qan dövranı sisteminin yaşlanmasını ləngidib", – deyə Pinyo bildirib. Alim vurğulayıb ki, "PF4" yaşlanmaya qarşı universal vasitə deyil. Lakin gələcəkdə bu zülal yaşlı insanların həyat keyfiyyətini artırmağa yönəlmiş kompleks terapiyanın mühüm hissəsinə çevrilə bilər. Şəffaflıq.az
Facebook-da paylaş
