AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında illik hesabat iclası keçirilib.


AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında illik hesabat iclası keçirilib.

Hesabat iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, vitse-prezident akademik İradə Hüseynova, akademik-katib akademik Arif Həşimov, elmi ictimaiyyətin nümayəndələri və Elmi Mərkəzin kollektivi iştirak ediblər. 

Şəffaflıq.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçək dəstələri düzüblər. Sonra Regional Elmi Mərkəzin əməkdaşı olmuş 44 günlük Vətən müharibəsinin şəhidi Mahsun Bağırzadənin xatirəsinə qurumun inzibati binasında açılmış guşəyə baxılıb, şəhidin barelyefi önünə tər güllər qoyulub. 

Hesabat iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözü ilə çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin çağırışları işığında yeniləşən Akademiyada aparılan islahatlardan ətraflı söz açan AMEA rəhbəri son iki il ərzində həyata keçirilmiş tədbirlər barədə danışıb.


 Bu dövrdə Akademiyada start götürmüş elektron hərəkatın uğurla davam etdirildiyini, daxili imkanlar hesabına proritet istiqamətləri əhatə edən bir sıra yeni şöbələrin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli hazırda ölkənin inkişaf strategiyası, bəşəri dəyərlər, ölkə reallıqları və müasir dövrün qlobal çağırışlarına uyğun olaraq AMEA-nın yeni inkişaf konsepsiyası və yol xəritəsinin hazırlandığını vurğulayıb. Lənkəran Regional Elmi Mərkəzində bir sıra elmi istiqamətlər üzrə qısa müddətdə uğurlu nəticələrin əldə olunduğunu bildirən Akademiya rəhbəri priorotet sahələrə aid tədqiqatların əhəmiyyətini diqqətə çatdırıb. 



Sonra AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Elmi Mərkəzin 2024-cü il üzrə illik hesabatını təqdim edib. Elmi qurum tərəfindən il ərzində müxtəlif elm sahələri üzrə aparılmış tədqiqatlar, əldə edilmiş elmi nəticələr, çap olunmuş əsərlər, elmi məqalələr barədə geniş söz açan Mərkəzin direktoru Mehman Əliyev hesabat məruzəsində rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin təşkilatçılığı ilə keçirilmiş elmi konfrans və sessiyalar, sərgilər, kitab təqdimatları, əlamətdar günlər və yubileylərlə bağlı təşkil olunmuş tədbirlər barədə də ətraflı məlumat verib. Daha sonra məruzə ətrafında çıxışlar olub, geniş müzakirə aparılıb. 




AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, akademik-katib akademik Arif Həşimov çıxış edərək təqdim edilmiş hesabat barədə fikirlərini bildirib, Elmi Mərkəzdə il ərzində aparılan işləri yüksək qiymətləndiriblər. Məruzə ətrafında mərkəzin əməkdaşlarından Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov, baş kitabxanaçı Fəranə Mikayılova, Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Həsənzadə, Herontoloji tədqiqatlar şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova, aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Samir Kərimov, aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, eləcə də yazıçı-publisist Etibar Əhədov çıxış edərək rəy və mülahizələrini bölüşüblər. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək təqdim olunan hesabatda Regional Mərkəzin il ərzində səmərəli fəaliyyətinin dolğun əks olunduğunu qeyd edib, qurumun yeniləşmə mərhələsində atdığı addımları yüksək qiymətləndirib. AMEA rəhbəri bölgənin ədəbi mühiti, folkloru, tarixi, arxeologiyası, etnoqrafiyasının daha dərindən öyrənilməsi üçün Lənkəran Regional Elmi Mərkəzində Tarix və ədəbiyyat şöbəsinin bazasında daxili imkanlar hesabına “Ədəbiyyat və azsaylı xalqların folkloru”, həmçinin “Tarix, etnologiya və arxeologiya” adlı iki yeni şöbənin yaradılması haqqında Rəyasət Heyəti qarşısında vəsasət qaldırılması barədə təklif verilməsini məqsədəuyğun hesab edib. 

2025-ci ildən isə Lənkəran REM-in “Elmi əsərlər” jurnalının təsis edilməsinin vacibliyini bildirən akademik İsa Həbibbəyli uzunömürlülük və herontologiya üzrə tədqiqatların daha da artırılması, numizmatika, epiqrafika və bölgənin özünəməxsus xüsusiyyətləri ilə seçilən bir sıra elmi istiqamətlər üzrə araşdırmaların əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, elektron hərəkat, dissertasiya mövzuları, monoqrafik əsərlərin nəşri və s. barədə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb, gənc alimlərə diqqət və qayğının artırılmasının vacibliyini bildirib. Sonda akademik İsa Həbibbəylinin tapşırığı ilə ötən il Elmi Mərkəzdə ilk dəfə yaradılmış kitabxanaya Akademiya rəhbərliyi tərəfindən 100 adda kitab hədiyyə edilib. Tədbirdən sonra AMEA rəhbərliyi Lənkəran Regional Elmi Mərkəzinin çay və sitrus bitkiləri üzrə təcrübə sahəsinə baxıb, burada aparılan laborator tədqiqatlar və iş şəraiti ilə tanış olublar.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}