Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı

 

Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurum Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). ÜST 7 aprel 1948-ci il tarixində yaradılmışdır. ÜST BMT sistemi çərçivəsində beynəlxalq səhiyyə məsələlərini əlaqələndirən beynəlxalq təşkilatdır. ÜST ekspertləri səhiyyə üzrə rəhbər müddəa və standartlar hazırlayır və dövlətlərə səhiyyə sahəsindəki problemlərin həllində köməklik göstərir. ÜST, habelə səhiyyə sahəsində elmi tədqiqatları dəstəkləyir və təşviq edir.

ÜST-nin 194 üzv-dövləti var. Təşkilatın əsas orqanları Ümumdünya Səhiyyə Assambleyası, İcraiyyə Şurası və Katiblikdir. Təşkilata İcraiyyə Şurasının təqdimatı əsasında Assambleya tərəfindən təyin olunan Baş direktor rəhbərlik edir. Hal-hazırda, ÜST-nin Baş Direktoru Çin Xalq Respublikasının nümayəndəsi Marqaret Çandır (2006-cı ildən etibarən). ÜST-nin Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

Beynəlxalq Səhiyyə Təşkilatı ilə əlaqələr

ÜST üzv-dövlətlərlə əlaqələrini regional ofisləri vasitəsilə həyata keçirir. Təşkilatın 6 regional ofisi var:

Afrika üzrə Regional Ofis – qərargahı Brazzavil (Konqo);

Avropa üzrə Regional Ofis – qərargahı Kopenhagen (Danimarka)

Cənub-şərqi Asiya üzrə Regional Ofis – qərargahı Yeni-Dehli (Hindistan)

Amerika üzrə Regional Ofis – qərargahı Vaşinqton (ABŞ)

Şərqi Aralıq dənizi sahili üzrə Regional Ofis – qərargahı Qahirə (Misir)

Qərbi Sakit okean üzrə Regional Ofis – qərargahı Manila (Filippin)

Azərbaycan Respublikası 1992-ci il 2 oktyabr tarixində ÜST-ə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı təşkilatın Baş qərargahı və Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-nin ölkəmizdə ofisi mövcuddur. Azərbaycan Respublikasının ÜST ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu əməkdaşlıq münasibətləri ilk olaraq özünü, Ümumdünya Səhiyyə Assambleyası, ÜST-nin İcraiyyə Şurası, ÜST-nin Avropa Regional Ofisinin sessiyalarında, o cümlədən il ərzində ÜST çərçivəsində keçirilən iclaslarda Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətlərinin iştirakında və ÜST nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına etdikləri rəsmi səfərlərdə göstərir. 2000 və 2004-cü illərdə ÜST-nin Avropa Regional Ofisinin Direktoru Mark Danzon Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

16-25 may 2005-ci il tarixində Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-nin İcraiyyə Şurasına üzv seçilmişdir. Şuraya 192 ölkədən 32 ölkə üzv qismində seçilmişdir.
25-26 aprel 2006-cı il tarixində ÜST-nin keçmiş Baş direktoru Li Yonq Vuk Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. L.Y.Vuk Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, eləcə də Heydər Əliyev Fondunda keçirilmiş görüşlərdə iştirak etmişdir. Sözügedən səfər çərçivəsində əsas diqqət quş qripi xəstəliyi və vərəm xəstəliyi ilə mübarizə, eşitmə qabiliyyəti olmayan və zəif olan insanların cəmiyyətdə rolunun artırılması, ÜST ilə əməkdaşlıq, aclıq və yoxsulluğun aradan qaldırılması və səhiyyə sektorunda islahatlar kimi məsələlərə yönəlmişdir.

6-8 noyabr 2006-cı il tarixində Cenevrədə ÜST-nin İcraiyyə Şurasının 119-cu sessiyası, 9 noyabrda isə Ümumdünya Səhiyyə Assambleyasının 1-ci fövqəladə toplantısı keçirilmişdir və tədbirlərdə Azərbaycan Respublikasının Səhiyyə Naziri O.Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. İclasların nəticəsi olaraq, ÜST-nin yeni Baş direktoru Çin Xalq Respublikasının nümayəndəsi Marqaret Çan seçilmişdir.
30 yanvar – 1 fevral 2008-ci ilin tarixində M.Çan Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Səhiyyə və əməkdaşlığın perspektivləri

Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığının mühüm nümunəsi kimi 12-15 sentyabr 2011-ci il tarixində Avropa regionu ölkələrinin 50-dən artıq səhiyyə nazirinin iştirakı ilə ÜST-nin Avropa Regional Komitəsinin 61-ci illik sessiyasının Bakı şəhərində keçirilməsi qeyd edilməlidir. Tədbir zamanı, bir sıra qlobal səhiyyə problemləri ətrafında müzakirələr aparılmış, “Səhiyyə 2020” adlanan yeni Avropa səhiyyə siyasəti sənədi qəbul edilmiş, 21-ci əsrdə səhiyyənin strateji istiqamətləri, səhiyyənin qlobal səviyyədə sosial təsiri, ÜST-nin Avropa regionunda səhiyyə sisteminin möhkəmləndirilməsi, Avropada 2012-2016-cı illərdə qeyri-yoluxucu xəstəliklərlə mübarizə üzrə strategiya sənədi və digər qlobal səhiyyə məsələləri ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir.

16 noyabr 2012-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ÜST-nin birgə təşkilatçılığı ilə Avropa Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının 3-cü görüşü keçirilmişdir. Tədbirdə ÜST-nin Avropa üzrə regional Direktoru Jujanna Yakob və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri çıxış etmişdir. Eyni zamanda, görüş zamanı Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva çıxış edərək 2011-ci ildə irəli sürdüyü “IDEA” (“International Dialogue for Environmental Action”) təşəbbüsü barədə qonaqlara məlumat vermişdir.

20-28 may 2013-cü il tarixində Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyası və 29-30 may 2013-cü il tarixində isə ÜST-nin İcraedici Şurasının 133-cü sessiyası keçirilmişdir. Sözügedən tədbirlərdə Azərbaycan tərəfi Səhiyyə Naziri O.Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. İcraedici Şuranın iclası zamanı O.Şirəliyev Şuranın vitse-sədri vəzifəsinə seçilmişdir.

20-25 yanvar 2014-cü il tarixində Cenevrə şəhərində ÜST-nin İcraedici Şurasının 134-cü, 26-27 may 2014-cü il tarixində 135-ci sessiyası, 19-24 may 2014-cü il tarixində isə Ümumdünya Səhiyyə Assambleyasının 67-ci sessiyası keçirilmişdir. Sözügedən tədbirlərdə Azərbaycan tərəfi Səhiyyə Naziri O.Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Ümumdünya Səhiyyə Assambleyası və ÜST-nin İcraiyyə Şurasının iclaslarında ölkəmiz mütəmadi olaraq yüksək səviyyədə - Azərbaycan Respublikası Səhiyyə Nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Sözügedən iclaslarda çoxtərəfli danışıqlarla yanaşı, Azərbaycan nümayəndə heyəti bir çox ölkələrin səhiyyə qurumlarının rəhbərləri, eyni zamanda ÜST-nin Baş direktoru M.Çan, ÜST-nin Avropa Regional Ofisinin direktoru J.Jakab və ÜST-nin bir sıra digər rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirir və səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi, səhiyyənin maliyyələşdirilməsi və səhiyyə sahəsində digər əlaqədar mövzular ətrafında fikir mübadiləsi aparır.

ÜST ilə əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricilərindən biri kimi Azərbaycan Respublikasının mütəmadi olaraq ÜST orqanlarına üzv seçilməsi qeyd edilməlidir. Belə ki, ÜST-nin Avropa Regional Komitəsinin 14-17 sentyabr 2009-cu ildə Kopenhagendə keçirilmiş 59-cu sessiyasında Azərbaycan 3 il müddətinə (2009-2012-ci illər) qurumun Daimi Komitəsinə üzv seçilmişdir. 16-25 may 2005-ci il tarixində Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyası çərçivəsində Azərbaycan Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-nin İcraiyyə Şurasına üzv seçilmişdir. Daha sonra isə Azərbaycan Respublikası 2012-2015-ci illər üçün ÜST-nin İcraiyyə Şurasına üzv seçilmişdir. Öncə qeyd edildiyi kimi, 29-30 may 2013-cü il tarixli ÜST İcraiyyə Şurasının 133-cü iclasında Azərbaycan Respublikasının Səhiyyə Naziri Şuranın vitse-sədri vəzifəsinə seçilmişdir.

Cenevrə razılaşması və onun üstünlükləri

Eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin fəaliyyətinin prioritetlərindən biri kimi ÜST ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ÜST-nin müxtəlif bölmələri ilə sıx əməkdaşlıq münasibətləri qurulmuş, Ümumdünya Səhiyyə Assambleyası, ÜST-nin İcraiyyə Şurası, ÜST-nin Avropa Regional Ofisinin sessiyalarında, ÜST Komitələrinin iclaslarında, o cümlədən il ərzində ÜST çərçivəsində keçirilən digər çoxsaylı iclaslarda fəal iştirak təmin edilir, səhiyyə ilə bağlı ölkəmizlə təşkilat arasında əməkdaşlıq münasibətlərinin əlaqələndirilməsi ilə yanaşı, səhiyyənin müxtəlif istiqamətləri üzrə ÜST-nin nümayəndələri ilə çoxsaylı görüşlər keçirilir.

ÜST-nin Avropa Regional Ofisinin Baş direktoru və Azərbaycan Respublikasının Səhiyyə Naziri arasında imzalanmış 2012-2013-cü illər üzrə 2-illik əməkdaşlıq sazişi səhiyyə sistemi və ictimai sağlamlığın gücləndirilməsi, qeyri-yoluxucu xəstəliklər, sağlamlığın təşviqi və sağlam həyat tərzi, yoluxucu xəstəliklər, səhiyyə təhlükəsizliyi və ətraf mühit, habelə səhiyyə informasiyası, tədqiqatlar və innovasiya kimi sahələri 2012-2013-cü illər üçün əməkdaşlığın prioritet istiqamətləri qismində müəyyən etmişdir.

Eyni zamanda, ÜST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai sağlamlıq, uşaq və ana ölümünün qarşısının alınması və bir sıra digər məsələlərlə bağlı çoxsaylı layihələr həyata keçirilmiş və ya hal-hazırda keçirilməkdədir:

1. DOTs (Directly Observed Treatment-short course) layihəsi – Layihə vərəm xəstəliyi ilə bağlı birbaşa həkim nəzarəti altında qısamüddətli müalicə kurslarının keçirilməsini nəzərdə tutur. Layihə çərçivəsində Bakı, Naxçıvan, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt, Sabirabad, Şəki və Mingəçevir şəhərlərindəki vərəm dispanserləri vərəm əleyhinə dərman vasitələri, diaqnoz üçün rentgen aparatları, mikroskoplar və digər avadanlıqlar şəklində humanitar yardımlar alır. Bu proqrama bir sıra qeyri-hökumət təşkilatları da qoşulmuşdur.

2. MECACAR – poliomielitin ləğv edilməsi üzrə proqram. Bu genişmiqyaslı proqram 1995-ci ildən həyata keçirilməyə başlanmışdır. Proqrama BMT-nin Uşaq Fondu (UNICEF) də qoşulmuşdur.

3. CARAK – uşaq və anaların qorunması üzrə proqram.

4. Difteriyaya nəzarət üzrə proqram - Proqram çərçivəsində Respublikanın müxtəlif rayonlarının tibbi heyəti üçün tədris kursları təşkil edilir.

5. Ailə planlaşdırılması üzrə proqram – Proqramın həyata keçirilməsi üçün iki şəhər – Gəncə və Sumqayıt şəhərləri seçilmişdir.

6. Ruhi sağlamlıq üzrə Proqram – Proqram çərçivəsində ölkəmizə humanitar yardım şəklində müxtəlif dərmanlar daxil olur. Yardım Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən pilot şəhər qismində seçilmiş Quba rayonuna və digər rayonlara göndərilir.

7. Cənubi Qafqaz Səhiyyə İnformasiya Sistemi – layihənin məqsədi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə özünün Səhiyyə İnformasiya Sisteminin yenidən qurulmasında və inkişafında köməklik göstərməkdir.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}