Salyan və Neftçala rayonlarına mediatur təşkil olunub - FOTO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Salyan və Neftçala rayonlarına mediatur təşkil olunub. Oxu.Az xəbər verir ki, mediatur çərçivəsində “Kürkənd” nasos stansiyası, “Birləşmiş Baş Akuşa” nasos stansiyası, “Neftçala Magistral Kanalı” nasos stansiyasına baxış keçirilib, eyni zamanda media nümayəndələri Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə tanış olublar. Qeyd edək ki, 1982-ci ildən fəaliyyət göstərən 2022-ci ildə əsaslı təmir olunmuş 2 aqreqatlı “Kürkənd” nasos stansiyası uzunluğu 16,2 km olan Ş kanalı altında olan 2840 ha əkin sahəsinə xidmət göstərir. Ümumi məhsuldarlığı 3,2 kubmetr/saniyədir. 1957-ci ildən fəaliyyət göstərən “Birləşmiş Akuşa” nasos stansiyası “Vlaqa-7”, “Vlaqa-8” üzən və “Akuşa-2” stasionar nasos stansiyalarından ibarətdir və uzunluğu 34,4 km olan Magistral Akuşa suvarma kanalı altında olan 19200 ha əkin sahəsinə xidmət göstərir. Ümumi məhsuldarlığı 20 kubmetr/saniyədir. Ulu öndər Heydər Əliyev təməlini qoyduğu 12 aqreqatlı “Akuşa-2” stasionar nasos stansiyası 1981-ci ildə istismara verilib. 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən “Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi” tədbirinin icrasını təmin etmək məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə başlanılıb. 24 sentyabr 2017-ci ildə Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. “Neftçala Magistral Kanalı” nasos stansiyası 8 aqreqatlı 2 ədəd üzən nasos stansiyalarından ibarətdir. Nasos stansiyasının ümumi məhsuldarlığı 14,4 kubmetr/saniyə, ümumi gücü 5040 kilovat, beton üzlüklü beton kanalın uzunluğu 24,9 km-dir. Neftçala Magistral Kanalı altında olan 20205 hektar əkin sahəsinə xidmət edir. Baxış keçiriləcək 5-ci məntəqə: Kürün əsas qolunda suaşıran bənd - Kürün əsas qolunda suaşıran bəndin uzunluğu 350,0 m, eni 16,0 m, hündürlüyü 4,5 m-dir. Bəndin tərkibi çınqıllı daş tökmədən ibarətdir, su ötürmə qabiliyyəti isə (layihə üzrə) 735 kubmetr/saniyədir. Cari ildə faktiki keçən su (təxmini) 100-120 kubmetr/saniyədir. Kür çayının aşağı axınında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər 25 oktyabr 2022-ci ildə başlanılıb, 5 yanvar 2023-cü ildə yekunlaşıb. Daha çox foto burada: PhotoStock.az Könül Cəfərli Şəffaflıq.az
Facebook-da paylaş