Şamaxıda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi üzrə təlim keçirilib
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Banklar Assosiasiyası (ABA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Şamaxıda mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi, eyni zamanda, "Kapital bazarları vasitəsilə maliyyələşmə" və "Biznes risklərinin idarə edilməsi: gəlir və xərclərin düzgün tənzimlənməsi" mövzusunda təlim keçib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 50-dən çox sahibkarın və kredit təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri barədə məlumat verib.
Daha sonra palatanın nümayəndəsi tərəfindən dünyanın nüfuzlu "Doing Business 2019" hesabatında ölkəmizin 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması və bu uğuru şərtləndirən uğurlu iqtisadi siyasət xüsusi vurğulanıb.
Əlavə olaraq, reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib.
Reyestrin üstünlükləri barədə danışılarkən diqqətə çatdırılıb ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqlar, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.
Təlimdə, həmçinin reyestrin faydalı cəhətləri arasında kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkünlüyü və digər xüsusiyyətlər də qeyd edilib.
Noyabrın 30-na reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, sistemə daxil edilmiş bildirişlərin sayı isə 28 mindən çox olub.
KOBİA-nın nümayəndəsi isə agentliyin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, agentliyin fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğunu bildirib. Bu tədbirlər güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edir.
Kapital bazarlarına həsr olunmuş çıxışda palatanın mütəxəssisi tərəfindən qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyaları, fond birjasında listinqə çıxış, korporativ idarəetmə, eləcə də dövlət istiqrazları, onların gəlirliliyi, həcmi, ticarəti və istiqrazlarının üstünlükləri barədə ətraflı məlumatlar verilib.
Tədbirdə, həmçinin sahibkarların qarşılaşdığı biznes riskləri haqqında da məlumat verilib və müzakirələr aparılıb.
Müzakirələrdə əsas mövzu mövcud şəraitdə yarana bilən əsas risklər və onların yaranma səbəblərinin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi olub.
Şəffaflıq.az
Facebook-da paylaş