Milli Məclisdə iclas: Nazirlər pensiya və vergilərlə bağlı yenilikləri açıqladılar -

 
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, iclasda 2019-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsində ediləcək dəyişikliklərin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat, xərcləri isə 410 milyon manat artıb.
Samir Şərifovun sözlərinə görə, büdcə ilə bağlı bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb. Bütövlükdə irəli sürülən təkliflərin maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminat üzrə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Plenar iclasda Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdən danışan vergilər naziri Mikayıl Cabbarov vurğulayıb ki, yeniliklərin əsas məqsədi ölkədə qeyri-leqal məşğulluğun aradan qaldırılması və insanların layiqli pensiya almaq hüququnun təmin edilməsidir.
Mikayıl Cabbarov qeyd edib ki, statistikaya əsasən ölkəmizdə əhalinin gəlirlərinin strukturunun 25 faizini əmək haqqı, yerdə qalan 75 faizini isə digər mənbələrdən əldə edilən pul vəsaitləri təşkil edir. Qonşu ölkələrdə isə əmək haqqı gəlirlərinin göstəricisi 40-65 faizə qədərdir. Nazir bildirib ki, bunun səbəbi vətəndaşların əmək müqaviləsi olmadan işlədilməsidir.
Əmək pensiyaları haqqında qanuna ediləcək dəyişikliklərdən danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2019-cu il yanvarın 1-dən pensiya və sosial müavinətlərdə müşahidə ediləcək artımlardan danışıb.
Gələn ildən baslayaraq Azərbaycan vətəndaşlarının pensiya təminati avtomatlaşdırılmış qaydada aparılacaq. Sahil Babayev həmçinin əlavə edib ki, növbəti ildən 8 min ailə özünəməşğulluq proqramından yararlanacaq. Bu məqsədlə dövlət büdcəsindən xeyli vəsait ayrılıb.
Plenar iclasda həmçinin deputatların etik davranış qaydaları haqqında qanun layihəsi də müzakirəyə çıxarılıb. Qanuna əsasən deputat xidməti vəzifələrinin icrasi ilə bağlı hər hansi fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}