Ombudsman "Sülh Aylığı" ilə bağlı müraciət edib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsmanın) Beynəlxalq Sülh Günü münasibətilə "Sülh Aylığı"nın elan olunması ilə bağlı edib.

Şəffaflıq.az xəbər verir ki, müraciətdə deyilir:

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilmiş, həmçinin 28 sentyabr 2001-ci il tarixli qətnaməsi ilə 21 sentyabr bu əlamətdar günün hər il qeyd olunacağı tarix kimi müəyyən edilərək qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunmuşdur.

Dünyanın müxtəlif bölgələrində davam edən silahlı münaqişələr, humanitar böhranlar, məcburi yerdəyişmə, zorakılıq, ayrı-seçkilik və nifrət təzahürləri müasir dövrdə davamlı sülhün təmininin və sülh dəyərlərinin cəmiyyətdə daha geniş təşviqinin xüsusi əhəmiyyət daşıdığını bir daha göstərir.

BMT tərəfindən 2026-cı il Beynəlxalq Sülh Günü üçün müəyyən edilmiş "Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün" mövzusu sülhün yalnız müharibə və zorakılığın olmaması ilə məhdudlaşmadığını, insan hüquq və azadlıqlarına hörmətin, insan ləyaqətinin qorunmasının, ədalət və bərabərliyin, qarşılıqlı etimad, dialoq və əməkdaşlığın davamlı sülhün mühüm əsaslarını təşkil etdiyini diqqətə çatdırır. Bu mənada insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan sərmayədir.

Azərbaycan Respublikası regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verir. 2025-ci il 8 avqust tarixində Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş"in razılaşdırılmış mətninin paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələ olmuşdur.

2026-cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən respublikamız Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulmuş, ölkə Prezidenti cənab İlham Əliyev 22 yanvar 2026-cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın Nizamnaməsini imzalamışdır. Bu beynəlxalq təşkilatda iştirak Azərbaycanın regional və qlobal səviyyədə sülh və sabitliyin təşviqinə verdiyi töhfənin mühüm təzahürlərindən biridir.

Davamlı sülhün bərqərar olması üçün müharibələrin doğurduğu humanitar nəticələrin, o cümlədən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, münaqişələrdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi, mülki əhalinin təhlükəsizliyinin qorunması, bundan əlavə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin olunması mütləq şərtlərdir.

Müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişaf etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün formalarının qarşısının alınması da xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət qarşılıqlı etimad və dinc birgəyaşayış mühitinin daha da güclənməsinə xidmət edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən əvvəlki illərdə Beynəlxalq Sülh Günü ərəfəsində 21 avqust – 21 sentyabr tarixlərinin "Sülh Aylığı" elan edilməsi və bu çərçivədə paytaxtda və regionlarda müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsi sülh və insan hüquqları mədəniyyətinin təşviqinə xidmət edən mühüm institusional təcrübə formalaşdırmışdır. Bu təcrübənin BMT-nin builki çağırışı nəzərə alınmaqla davam etdirilməsinin əhəmiyyətindən irəli gələrək, qarşıdan gələn 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə cari ilin 21 avqust – 21 sentyabr tarixlərini ölkədə "Sülh Aylığı" (bundan sonra – Aylıq) elan edirik.

Aylığın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

Bu baxımdan dövlət orqanlarını, bələdiyyələri, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatlarını (ictimai birliklər və fondlar), media subyektlərini və həmkarlar ittifaqlarını, elm, təhsil, mədəniyyət, səhiyyə, sosial xidmət müəssisələrini, beynəlxalq və yerli təşkilatları, habelə digər aidiyyəti qurumları və geniş ictimaiyyəti Aylıq çərçivəsində çağırışa uyğun olaraq insan hüquqlarına və insan ləyaqətinə hörmətin, tolerantlıq və dinc birgəyaşayış dəyərlərinin gücləndirilməsinə, ayrı-seçkiliyin, nifrət nitqinin və zorakılığın qarşısının alınmasına, uşaqların və gənclərin sülh mədəniyyəti ruhunda maarifləndirilməsinə yönəlmiş konfranslar, dəyirmi masalar, seminarlar, təlimlər, ictimai müzakirələr, müsabiqələr, sərgilər, məlumatlandırma kampaniyaları və digər maarifləndirici tədbir və təşəbbüslər həyata keçirməyə dəvət edirik.

Aylıq müddətində həyata keçirilən fəaliyyətlər barədə məlumatların media resurslarında geniş işıqlandırılması, habelə sosial media platformalarında #SülhAylığı və #PeaceMonth həştəqlərindən istifadə edilməklə paylaşılması tövsiyə olunur.

İnanırıq ki, həyata keçiriləcək tədbir və təşəbbüslər insan hüquqlarına və insan ləyaqətinə hörmətin daha da artırılmasına, qarşılıqlı anlaşma və həmrəyliyin gücləndirilməsinə, cəmiyyətimizdə sülh mədəniyyətinin daha da möhkəmlənməsinə, eləcə də hər kəsin sülhün qorunmasına töhfə verməsinə xidmət edəcək".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}