Uşaqlarda çəkingənlik nədən yaranır?

 


Çəkingənlik ən geniş mənasında hər hansı zamanda, məkanda diqqət mərkəzi olmaqdan qorxmaq və özünə qapanmaqdır. Özlərini ifadə etməkdə, ətrafdakılarla ünsiyyət qurmaqda problemlər yaşayırlar. Utancaqlığın səbəbləri, əlamətləri və göstəriciləri uşaqdan uşağa dəyişir. Bir neçə səbəbi isə qeyd edək:

Uşaq şəxsiyyətinin 80 faizi ailədə, 20 faizi isə məktəbdə, cəmiyyətdə formalaşır. Yəni, uşağın düşüncə tərzini, inancını, bir çox vərdişlərini demək olar ki, valideynləri müəyyən edir. Buna görə də utancaqlıq və çəkingənliyin yaranmasında onlarında rolu var. Böyüdülmə tərzi hətta uşağın danışığına da təsir edir. Övladını həddindən artıq qoruyan, daima ətrafında pərvanə olan ailələr əslində onun passiv olmasına səbəb olurlar. Bu vəziyyət gələcəkdə faydadan çox zərər gətirəcək.

Ailə daxilində yuxarıda qeyd etdiyimizin tam əksi davranış göstərən valideynlər də mövcuddur. Davamlı olaraq övladını aşağı görən, ona fiziki təzyiq göstərən, əzən "valideynlərin" uşaqları özlərini dəyərsiz hiss edir. Uşağın özünü dəyərsiz hiss etməsi gələcəkdə qorxaq, zəif xarakterin yaranmasına səbəb olur. Özünə hörməti olmayan insanın ətrafına da bir faydası olmayacaq.

Ailələrin övladlarını olduğu kimi qəbul etməsi önəmlidir. Daima uşaqlara necə insan olmaları mövzusunda xəbərdar etmək özlərinə olan inamlarının azalmasına və "rol" oynamağa sürükləyəcəkdir. Davamlı olaraq rol oynayan uşaq özünü rahat hiss etməyəcək və bir müddət sonra utancaq, çəkingən vəziyyətə düşəcəkdir. Qısaca desək, övladınızın əziyyətlərini görməzdən gəlməyin. Nəyisə bacaranda onu təbrik etməyi unutmayın.

Uşaqlar hər hansısa işin əvvəlini bacara bilməyəndə onalar üçün sonadək çalışmaq çətin olur. Bu nöqtədə məsuliyyət sizin üzərinizə düşür. Onu cəsarətləndirin, istənilən şəraitdə onunla birlikdə olacağınızı xatırladın.

Övladınızı qətiyyən başqaları ilə müqayisə etməyin, unutmayın ki, uşaqlar "yarış atı" deyil. Onu özü kimi qəbul edin, sevgi və hörmət göstərin. Daima başqalarının uşaqları, onların uğurları haqqında danışmaq övladınızın xarakterinə olduqca təsir edərək utancaq olmasına gətirib çıxardacaq.

Utancaqlığın genetik kodlarla da keçdiyi sübut olunmuşdur.

Utancaq ata və ananın övladları da utancaq olur. Buna görə də ailə üzvlərinin uşaqla danışarkən hər şeyi olduğu kimi izah etməsi ailənin bir fərdi kimi ona hörmət etdiyinizi göstərir.

Bəzi yaşanan hadisələr də çəkingənliyə səbəb olur. Məsələn, müəllim sinifdə şagirdi lövhəyə çağırır və ondan mövzunu izah etməyini istəyir. Uşağın etdiyi hər hansı səhvə görə sinifdəkilər gülməyə başlayır və lağ edirlər. Bu vəziyyətdə uşaq artıq yavaş-yavaş özünü geri çəkməyə başlayacaqdır. Gələn dəfə lövhəyə çıxanda bu hadisələri xatırlayacaq və asanlıqla edə bildiyi işdə çətinlik çəkəcək.

Utancaqlığı aradan qaldırmağın ən təsirli yollarından biri də sosiallaşmasıdır. Dostları ilə daha çox üsniyyətdə olmasına şərait yaradın. Kollektiv oyunlarda iştirak edərsə, çəkingənliyi müəyyən qədər azalacaq.

Uşağınızın çəkingən olduğunu başa düşün. Onun duyğularını anlamağa çalışın və özünü ifadə etməsi üçün fürsət verin. Övladınızın bu xüsusiyyətini tənqid etməyin. Hər kəsin özünəməxsus olduğunu da unutmayın.

Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş