Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib
Cinayət yolu ilə şəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib. Şəffaflıq.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin kollegiya iclasında deyib. Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb. Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunan nazir bu istiqamətlərdə nəticələrin müsbət olduğunu nəzərə çatdırıb.
Facebook-da paylaş