Azərbaycanda səhralaşma problemi: İqlim dəyişikliyi, yoxsa insan faktoru? - ARAŞDIRMA
Son illər iqlim dəyişikliyi və onun yaratdığı fəsadlardan dünya ölkələrinin əksəriyyəti müxtəlif formalarda əziyyət çəkir. Belə fəsadlardan biri də səhralaşma riskidir. BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyasına (UNCCD) görə, hazırda dünyanın 100-dən çox ölkəsi səhralaşma riski ilə üz-üzədir. Hər il dünyada 12 milyon hektar məhsuldar torpaq səhralaşmaya uğrayır. Səhralaşmadan ən çox əziyyət çəkən ölkələr sırasına Keniya, Tanzaniya, Çin, Hindistan, İran, Qazaxıstan, Türkmənistan, İraq, Suriya və s. daxildir. Dünya əhalisinin təxminən 1 milyardı səhralaşmanın təsirlərinə birbaşa məruz qalır. Torpaq məhsuldarlığının azalması, əkin və otlaq sahələrinin yararsız hala düşməsi kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün risklər doğurur. Bununla yanaşı, kənd əhalisinin sosial rifahına, köç proseslərinə və regionların dayanıqlı inkişafına mənfi təsir göstərmə halları müşahidə edilə bilər. Şəffaflıq.az xatırladır ki, BMT-nin Baş Assambleyası tərəfindən 1994-cü ildə “Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü” təsis olunub. Elə həmin ildə 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Azərbaycan bu konvensiyaya 1998-ci ildə qoşulub. Azərbaycan coğrafi baxımdan müxtəlif relyef və iqlim qurşaqlarına malik olsa da, quraqlıq və səhralaşma riski dünya ölkələrində olduğu kimi, burada da təhlükə olaraq qalır. İqlim dəyişmələri fonunda yağıntının azalması, temperaturun yüksəlməsi, meşə örtüyünün azalması və digər səbəblər bu prosesi daha da sürətləndirir. Azərbaycanda kənd təsərrüfatına yararlı nə qədər torpaq sahəsi var? Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların sahəsində son dörd ildə cüzi azalma qeydə alınıb. Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq verilən məlumata görə, 2020-ci ildə 4 780,1 min hektar olan bu torpaq sahələri 2023-cü ildə 4 779,6 min hektara enib. Əkin sahələri 2022-ci ildə 2 052,8 min hektar ilə maksimum həddə çatsa da, 2023-cü ildə bu rəqəm 2 037,4 min hektara düşüb. Otlaq sahələrində də oxşar tendensiya müşahidə olunub – 2020-ci ildə 2 314,2 min hektar olan otlaq sahələri 2023-cü ildə 2 305,5 min hektara qədər azalıb.
Facebook-da paylaş
