Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi qeyd olunacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunub ki, 2026-cı ilin noyabr ayında 120 illiyi tamam olur. Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri var. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq xüsusi şöhrət qazandırmışdır. Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlamışdır. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir. Sərəncama əsasən Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına Xalq rəssamı Lətif Kərimovun 120 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Facebook-da paylaş








