Meşəli soyqırımının qurbanları ədalət tələb edir


Son günlər Laçında buraxılış məntəqəsi istiqamətində “humanitar TIR” səs-küyü ilə sakitliyi pozan Ermənistan və havadarları indi də başqa bəhanələrlə Azərbaycanın daxili işlərinə müdaxilə edirlər. Belə cəhdlərdən birinin qarşısı 2023-cü il 29 iyul tarixində alınıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsilə Ermənistana qaçmaq istəyən Xocalı soyqırımının qatili, cinayətkar – Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətmiş Vaqif Xaçatryan Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilib. Məsələ ilə bağlı Ermənistan tərəfinin ölkəmizə qarşı əsası olmayan iddiaları, beynəlxalq təşkilatların “hüquq, humanistlik” serenadası başlayıb.  

“Həftə içi” Meşəli soyqırımını törədən erməni əsilli Xaçatryanın məhz beynəlxalq təşkilatın xidməti maşınında aşkar edilərək həbs olunması fonunda Azərbaycana qarşı yönələn tarixi, hüquqi, siyasi ədalətsizliyin kökünə və həlli yollarına diqqət çəkib.

Milli Məclisin deputatı Elman Məmmədov “Həftə içi”nə Meşəli faciəsindən danışıb:

–      Meşəli Xocalı rayonunda Qırxqız dağının ətəyində, Meydan dağının yaxınlığında yerləşən çox gözəl, kiçik bir kənd idi. Xocalı rayon mərkəzindən, təxminən, 15-20 kilometr məsafədə yerləşirdi. O kəndin yolu Vadara kəndinin içərisindən keçirdi. Vadara kəndi ilə Meşəli arasında məsafə, təxminən, 5-6 kilometrdir. Hadisələr başlayanda həmin Vadara kəndində yaşayan, eləcə də Qayabaşı, Sarışın və sair kəndlərdəki erməni terrorçuları Meşəlini tam blokadada saxlayırdılar. Son gün o kəndə hücumda da, kənd camaatının qətlə yetirilməsində də ermənilər yaşayan kəndlərdəki quldur dəstələri iştirak etdilər.  Başda Vaqif Xaçatryan kimiləri olmaqla…

Bu qırğının törədilməsində “366-cı alay”ın hərbi texnikası və hərbi qüvvəsi ermənilərin yanında idi.

E.Məmmədov son 150 ilin tarixinə nəzər salaraq, ermənilərin türk-müsəlman millətinə, xalqlarına qarşı müxtəlif dövrlərdə mütəmadi olaraq qətliamlar, soyqırımlar törətdiyini qeyd edib: “Ermənilər cinayəti törədəndən sonra həmişə özləri, havadarları “Biz nə etmişik ki, heç bir günahımız yoxdur”, – deyiblər. Yəni nə qədər əxlaqsız, tərbiyəsiz, həyasız olmaq lazımdır ki, həmin cinayətlərdən sonra bu ifadələri işlədəsən. İndi də bunlar Vaqif Xaçatryan Çərkəz oğlu haqqında deyirlər ki, “Günahsızdır”...

- Onun günahları 1991-ci ildən sonra 1992-ci ilin yanvarında aparılan istintaq nəticəsində təsdiq olunub. Bu gün Xaçatryan və  onun kimilərinin, rəhbərlik etdiyi quldur dəstəsinin Xocalıda, Meşəlidə, Malıbəylidə, Quşçularda, Qaradağlıda və Azərbaycanın başqa kəndlərində  törətdikləri cinayətlərin sifarişçiləri, sahibləri var. Əsirlikdə, girovluqda işgəncə verilmiş, hələ də sağ qalan insanlarımızın ifadələri var. Bu ifadələr 90-cı illərdə  alınıb.  Yəni, Xaçatryan cinayəti sübut olunmuş qatil, terrorçudur. Bu erməni ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarında kifayət qədər əsaslandırılmış materiallar var. O, uzun müddət idi ki, beynəlxalq axtarşa verilmişdi. Onun həbsi Azərbaycan qanunları əsasında və beynəlxalq konvensiyalara uyğun aparılıb. Onun kimi cinayətkarlar da öz cəzalarını almalıdırlar”.

E.Məmmədov beynəlxalq təşkilatların humanistlikdən, yardımdan danışarkən nə qədər səmimi olduqları faktlarla diqqət çəkib:

–      Biz xocalılılar, o cümlədən Meşəli kəndi 1991-ci il noyabrın 1-dən 1992-ci il fevralın 25-dək Xocalıda soyqırımı törədilənədək mühasirədə yaşadıq. Beynəlxalq Qırmızı Xaç Komitəsi o zaman da var idi. Biz bir dəfə də olsun, onların nə bir maşınını, nə də bir nümayəndəsini Xocalıda görmədik. O zaman biz xocalılıların köməyə ehtiyacı var idi: xəstələrimiz, ac qalanımız, yaralılarımız, yaşamaq üçün hər bir dəstəyə ehtiyacı olan insanlarımızın gözü yolda idi. Bunlar o zaman niyə  belə canfəşanlıq elmədi?! İndi bunlar Ermənistan–Xankəndi yolunu “su yolu”na çeviriblər. Bir dəfə qaçaqmalçlıqla bağlı ifşa olundular. İndi də terrorçunu o tərəf-bu tərəfə daşımaqla sübut etdilər ki, cinayətkarlara dəstək olurlar.  Belə bir cinayətkara dəstək olduqları üçün bunların özünü ittiham etmək lazımdır.  Bəlkə onların maşınları daha dərindən axtarılsa, içərisindən silahlar da çıxacaq. Bu təşkilat qaçaqmalçılıq, terrorçuları müdafiə etməklə məşğuldur”.

Deputat beynəlxalq təşkilatların Ermənistandakı diplomatik nümayəndələrinin Xaçatryanın həbsi ilə bağlı narazılıq etməsini boş, cəfəng cəhdlər adlandırıb.

“Kimdir o dövlətlər; həmin erməniləri dünyann müxtəlif köşələrindən köçürüb, bizim torpaqlarda məskunlaşdran dövlətlərin nümayəndələridir. Onlar Birinci Dünya müharibəsində də erməniləri silahlandırıb türklərə qarşı qırğınlar törətməyə  təhrik edirdilər”.

E.Məmmədov bəyan edir ki, Azərbaycana qarşı olan bu təzyiqlər, bu hücumlar  heç bir fayda, nəticə verməyəcək: “Azərbaycan öz ədalətli, haqlı yolu ilə gedir və beynəlxalq qanunlara əsaslanır. Xaçatryan və onun kimilər də qanun qarşısında cavab verəcəklər”.

Deputat qeyd edir ki, indi də Xocalıda ermənilər, onları təlimatlandıran rus hərbçilərinin olması gərginliyi qoruyan məqam olaraq qalır: “Mən dəfələrlə demişəm: 10 Noyabr üçtərəfli bəyanatına əsasən, ərazimizə daxil olan rus sülhməramlıları xeyrə gəlməyib, sülhməramlı kimi davranmırlar. Cənab Putin bunları göndərib ki, Azərbaycanın Qarabağ ərazisində yaşayan erməniləri  müdafiə etsinlər, terrorçuları, separatçıların fəaliyyətini təmin etsinlər”…

E.Məmmədov ermənilərin həyasızlığının həddinin indi də Laçın buraxılış məntəqəsində, sərhəddə aşdığını qeyd edib. O, ermənilərin “humanitar karvan” dediyi “TIR”ları “quldur karvanı” adlandırıb:  “Ermənilərin sərhəddən daxil olmaq istədikləri yol da, ərazi də Azərbaycan ərazisidir. Azərbaycan dövlətinin razılığı, icazəsi olmadan heç bir maşın, heç bir şəxs o sərhəddən keçə bilməz.  Bu gün Azərbaycan əsgərləri dövlət sərhədlərini igidliklə, mərdliklə, cəsarətlə qoruyur. Əlli o cür karvan olsa da, sərhədi heç kim keçə bilməyəcək. O karvanlardan qabaq, sonra, sanki özünü hərbi müşahidəçilər, sülhsevər kimi gösətərən Aİ nümayəndələri, bir neçə dövlət səfirləri maşınları ilə gəlib müşahidələr aparırlar. Onlara sual verirəm: sizin razılığınız, icazəniz olmadan dövlətinizin sərhədindən maşın karvanı deyil, bir at arabası keçə bilər?.. Yaxud bir piyada keçə bilər? Bəs bizim sərhəddən erməni “TIR”ları niyə keçməlidir? Siz bizi nəyə məcbur edirsiniz? Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı,  Azərbaycan Dövlətinə qarşı haqsızlıqdır, hörmətsizlikdir, ərazi bütövlüyünü tanımamaq və ona məsuliyyətsiz yanaşmaqdır. Siz belə humanitar missiyanı yerinə yetirirsinizsə, niyə başqa dövlətin ərazisindən keçmək üçün sərhədlərdə qalan onminlərlə miqrantın qırılmasına imkan verirsiniz? Belə humanitar dövlətin nümayəndəsisinizsə, niyə o insanları ərazinizə buraxmırsınız? Amma bizim ərazilərimizə terrorçu, separatçıları gətirirsiniz. Siz o yükləri bizim ərazilərə gətirirsiniz ki, separatçılar yesin-içsin, güclənsin və bizə qarşı daha yaxşı təxribatlar törətsinlər?! Bu, olmayacaq, cənablar! Bu, artıq 90-cı illərin Azərbaycanı deyil.  Bu, güclü Azərbaycandır, ərazisini qorumağa qadirdir, düşmənə cavab vermək üçün güclü ordusu var”.

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, Azərbaycan Dövlətinin Laçın keçid məntəqəsində ərazimizdə qətliamlar törətmiş Xaçatryanı həbs etməsi hüquqi aspektdən doğrudur. İnsanlığa qarşı soyqırımı hərəkətləri, habelə birdən çox şəxsi öldürmək, cinayət törətmək halları zaman axınına tabe olmayan hadisələrdir. Bunları işləyən şəxslər hansı müddətdən asılı olmayaraq, yenə hüquq qarşısında cavab verməli olurlar: “Xaçatryan 1991-ci ilin dekabr ayında Xocalının Meşəli kəndində sivil insanların ölümü ilə nəticələnən soyqırımı hadisəsində aktiv iştirak edib. Bu, onu yaxından tanıyan şahidlər tərəfindən təsdiq olunur”. 

Ə.Məmmədli qeyd edir ki, beynəlxalq axtarışda olan bu cinayətkarın  Qırmızı Xaç  Komitəsi vasitəsilə rahat şəkildə hərəkət etməsi əsas diqqətçəkən məqamdır: “BQXC cinayətkar və məsum insanları bir-birindən ayırmalıdır. Onun missiyası sivil, günahsız insanlara yardım dəstəyi verməkdir.  İkinci dəfədir ki, bu təşkilat belə kobud səhvlərə yol verir. Birinci dəfə erməni əsilli əməkdaşın özünün təşəbbüsü olduğunu demişdilər. İndiki halda görünür ki, oxşar hadisələr baş verir və cinayətkarı məsum insan kimi  qoruyaraq, onun sərhəddən keçidini təmin etmək istəyirlər. Əslində, bu keçid, böyük ehtimalla, onu cinayət məsuliyyətindən  qurtarmaq təşəbbüsüdür.  Yəqin ki, bənzər təşəbbüslər daha öncə də olub”.

Hüquqşünas bildirir ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qanunsuz erməni silahlı birləşmələri də mövcuddur və orada olan 300-dək şəxs haqqında axtarış elan edilib: “Onlar Azərbaycanın suverenliyinin bərqərar olmasından sonra məsuliyyətə cəlb olunacaqlarını bildikləri üçün yavaş-yavaş bölgəni “Qızıl Xaç” vasitəsilə tərk etməyə çalışırlar. Bu baxımdan,  həm beynəlxalq qurumlar, həm də Ermənistan, həqiqətən, Azərbaycanla konstruktiv dialoqa getmək,  problemləri masa arxasında çözmək istəyirsə, Ermənistan hökuməti cinayətkarlarla məsum insanları ayırmağı bacarmalıdır. Cinayətkar harada olmasından, gizlənməsindən asılı olmayaraq, hüquq qarşısında cavab verməlidir”.

Hüquqşünas hesab edir ki, Xaçatryanın müdafiəsini qurmaq insanlığa qarşı cinayətləri dəstəkləmək olar: “Bu baxımdan Ermənistanın Azərbaycana yönəlik bütün iddiaları, beynəlxalq qurumların etirazları varsa, bunlar birmənalı olaraq əsassızdır. Azərbaycan cinayət törətmiş və ciddi şəkildə insanlığa qarşı yönəlmiş şəxsləri gec də olsa yaxaladıqda mühakimə etməli və məhkəmə qarşısına çıxara bilməlidir”.

Politoloq Rəşad Bayramov bildirir ki, Vaqif Xaçatryanın kimliyi, eləcə də onun törətdiyi cinayətlər barədə Azərbaycan hüquq-mühafizə orqanlarının əlində yetərli qədər məlumat mövcuddur.  Şahid ifadələrində Xaçatryanın hansı cinayətləri törətdiyi faktlarla ortaya qoyulur.  Ermənilər bu cinayətləri zamanında ediblər və bu gün də davam edirlər. Toplanmış sübutlar və rəsmi məlumatlar rəsmi Bakıya tam imkan verir ki, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq, əli günahsız insanların qanına batan xaçatryanların layiqli cəzasını versin.

Politoloq vacib məqamlardan biri kimi, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bu cinayətkarı xəstə qiyafəsində Ermənistana qaçırmaq cəhdini qeyd edib: “Bu onu sübut edir ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti təkcə qaçaqmalçılıq fəaliyyəti ilə deyil, eyni zamanda, cinayətkarların ədalətdən qaçmasında da fəal şəkildə iştirak edir”.

O ki qaldı Ermənistanın və havadarlarının ölkəmizə qarşı apardıqları kampaniyaya, ayrı-ayrı ölkələrin bəyanatlarına, R.Bayramov hesab edir ki, bunlar cinayətkarı müdafiə etməkdən başqa bir şey deyil: “Xaçatryanın 32 il əvvəlki cinayətə görə həbs edilməsinin Azərbaycanla Ermənistan arasında son zamanlar başlayan normallaşma prosesinə xələl gətirəcəyinə dair bəyanatların heç bir əsası yoxdur.  Belə ki, qətliam, soyqırımı kimi cinayətlər bəşəriyyətə qarşı olan  cinayətərdir və bu cür cinayətlərdə zaman məfhumu rol oynamır.

Neçə illər keçməsinə baxmayaraq, belə şəxslər müəyyənləşdirilir və onlar saxlanılırsa, mütləq şəkildə cəzalandırılırlar.  Necə ki, Nürinberq Məhkəməsinin gözündən yayınan faşistlərin axtarışları çox sonralar da davam etmişdi. Hətta İkinci Dünya müharibəsinin bitməsindən 34 il sonra, 1979-cu ildə ABŞ Ədliyyə Departamenti  Amerikada yaşayan nasist cinayətkarlarını müəyyənləşdirmək üçün xüsusi tədqiqatlar ofisi  yaratmışdı. Həmin ofis Amerikada yaşayan bir qrup cinayətkarı saxlayaraq, Ədalət Məhkəməsi qarşısına  çıxarmağa müvəffəq olmuşdu.  Məsələn, “serb qəssabı” kimi tanınan Redko Vladiki götürək; o,  1991-1995-ci illərdə  törətdiyi qətliamların cəzasını  üzərindən 20 ildən çox keçəndən sonra – 2017-ci ildə aldı. Bu cür faktlar kifayət qədərdir. Ona görə də Ermənistan və onun havadarları və ermənipərəst dairələrin nə deməsindən asılı olmayaraq, təkcə Qızıl Xaç Komitəsi deyil, kim olur-olsun, bu cinayətkarları Azərbaycan məhkəməsinin əlindən almağa və yaxud onların azadlığını tələb etməyə haqları çatmır. Buna nail də  olmayacaqlar. Xaçatryan kimilər mütləq öz cəzalarını alacaqlar.

Hüquqşünas Çingiz Qənizadə “Həftə içi”nə bildirir:

– Müharibə, insanlığa və bəşəriyyətə qarşı cinayətlər törətmiş, soyqırımı və qanunsuz deportasiya ilə məşğul olmuş Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan hökumətinin hay-həşir salması, beynəlxalq təşkilatlara, məhkəmələrə müraciəti  mənasızdır və bu, əslində, Ermənistanın müharibə cinayətləri törədən şəxslərin müdafiəsi istiqamətində atdığı addımın tərkib hissəsi kimi dəyərləndirilə bilər.  Ermənistan və onun havadarları, guya mülki şəxsin həbs edilməsi iddiasını qaldırırlar, amma unudurlar ki, hələ 2013-cü il  noyabr ayının 12-də  Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən  məhkəmə qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmiş Vaqif Xaçatryan beynəlxalq axtarışa verilmişdir. Yəni 10 ildir ki, bu adam beynəlxalq konvensiyaların da qadağan etdiyi soyqırımı və qanunsuz deportasiya cinayətlərinə görə  axtarışda olub, artıq qanun qarşısında cavab verməlidir.

Ç.Qənizadə son günlər bu cinayətlərdə zərərçəkənlərin, şahidərin mətbuatda da danışdığını deyib. Bildirib ki, əgər hansısa bir beynəlxalq  təşkilat bu faktlardan sonra da Vaqif Xaçatryanın müdafiəsi ilə bağlı addımar atacaqlarsa, qərar qəbul edəcəklərsə, onda beynəlxalq hüquqa qarşı çıxmış olacaqlar: “Beynəlxalq hüquq, Cenevrə konvensiyası, Soyqırımı konvensiyası və bunu törədənlərin  mühakimə olunmasına görə müddət axınının olmaması anlayışı var. Bu baxımdan da bu cinayətin 31 il əvvəl dekabr ayının 22-23-də edilməsinə baxmayaraq, cinayətkar bu gün də mühakimə edilməsi üçün tam hüquqi təsir dairəsindədir və Azərbaycan qanunları ilə mühakimə ediləckdir”.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Həftə içi”nə Ermənistanın Azərbaycanda törətdiyi cinayətlərə faktlar, təhlillər və statistik rəqəmlərlə diqqət çəkib:  

–      Təcavüzkar Ermənistanın silahlı qüvvələri, hərbi birləşmələri və onları xaricdən dəstəkləyən qüvvələr tərəfindən Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd (20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycana məxsus “Mİ-8” markalı hərbi helikopterin vurulması), Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Başgüneypəyə, Qaradağlı, Başlıbel kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi.

Azərbaycan Respublikası Baş Prokrorluğunun məlumatına əsasən, Ermənistanın silahlı qüvvələri və hərbi birləşmələri tərəfindən 1988-1994-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1 105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.

Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kəndində 23 dekabr 1991-ci ildə törədilən Meşəli soyqırımında 25 nəfər öldürülüb, 14 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 41 yaşayış evi və digər tikili yandırılıb, 358 kənd sakini daimi yaşayış yerini tərk etməyə məcbur olub. Xocalı rayonunun Meşəli kəndinin 430 sakini Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıb. Qətliam nəticəsində Meşəli kəndinə 5,496,900 manat  məbləğində maddi ziyan dəymişdir.

Meşəli faciəsi Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb. Hadisələri törətmiş 9 silahlı şəxs barəsində təqsirləndirilən qisimdə cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Tarixçi  Sübhan Talıblı Xaçatryanın cinayət və terror əməllərinə gəldikdə isə bildirib ki, onun Birinci Qarabağ müharibəsindəki cinayətlərini əks etdirən çoxlu sayda fotofakt, yazılar, əsirlərin müsahibələri, V.Xaçatryanın cinayət əməlləri ilə bağlı şahidlərin, zərərçəkənlərin verdikləri ifadələr onun azərbaycanlılara qarşı qeyri-insani davranışını, vəhşi və qorxunc cinayətlərinin sübutu haqqında əsaslı, qanuni və faktlara söykənən məlumatlar mövcuddur: “Vaqif Xaçatryanın 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində 25 azərbaycanlının öldürülməsində, 14-nün yaralanmasında, 358-nin  didərgin salınmasında iştirakçı olduğu qeyd edilir.

Bu səbəbdən, V.Xaçatryanın törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə,  milli, etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın da pozulması ilə cinayət işi açılıb”.

S.Talıbli bildirir ki, Meşəli soyqırımı ilə bağlı sübutlar şahidlərin və əsirlərin müsahibələrindən, ayrı-ayrı məqalələrdən məlum olur. Meşəlidə baş verən hadisələr zamanı kəndin müdafiəsində iştirak etmiş keçmiş polis əməkdaşı, kənd sakini Ziyəddin Salmanov deyir ki, gözü önündə ermənilər əliyalın kənd sakinlərinə aman vermədən qətlə yetiriblər.

Şahid: “Mənim o vaxt polis iş yoldaşlarım Allahverdi və İsmayılı da vəhşicəsinə qətlə yetirmişdilər. Bu işlərin başında duranlardan biri də Vaqif Xaçatryan idi. Qohumlarını başına yığıb silahlı dəstə yaratmışdı. Mən polis nəfəri kimi özünümüdafiə dəstəsində döyüşlərdə iştirak etmişəm. Yadımdadır ki, səsucaldıcı mikrofonla Xaçatryan Azərbaycan dilində “Kəndi mühasirəyə almışıq, təslim olun”, – deyə qışqırırdı. Qənimət dayı var idi, onun başına, təxminən, avtomatın bir daraq gülləsini boşaltmışdılar. Bir dəfə Badara kəndində Xaçatryan bizi “Niva” markalı avtomobilində yandırmaq istəyirdi...”.

Xocalı rayonunun Meşəli kəndində ermənilər təkcə Novruzovlar ailəsinin 5 üzvünü işgəncə verərək öldürüb. Novruz Novruzov, onun həyat yoldaşı Adilə Novruzova və bir oğul, iki qız övladı bir gecədə məhv edilib. Ailənin böyük övladı Zəminə Əliyeva həmin dəhşətli hadisə zamanı qardaşının, digər ailə üzvlərinin başına gətirilənlərdən danışaraq deyir: “Ermənilər ailə üzvlərimi öldürəndən sonra, meyitlərə işgəncə verib yandırmışdılar. Bacımın birini ürəyindən vursalar da, ayağında 78 güllə yeri var idi. Hamısına işgəncə vermişdilər. Evimizi, zəhmətlə qurduğumuz təsərrüfatımızı tamamilə yandırmışdlar. Mən də təsadüfən sağ qalmışam. Onların məqsədi hamını qətlə yetirmək idi.

S.Talıbli hesab edir ki, beynəlxalq təşkilatlar erməni cinayətkarını dəstəkləməklə beynəlxalq hüququ pozur: “Təcavüzkar Ermənistan hərbi-siyasi rəhbərliyi, silahlı qüvvələri və qanunsuz hərbi  birləşmələri tarixi Azərbaycan torpaqlarında türk milli-mənəvi dəyərlərinə, tarixi abidələrə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş, xüsusilə də beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyası (11 Qətnamadən ibarət 1949-cu il tarixli Cenevrə Diplomatik Konfransının qətnamələri, 13 maddədən ibarət Tibbi Yardım və Təhlükəsizlik Zonaları və Əraziləri Haqqında Saziş Layihəsi (I Əlavə), 8 maddədən ibarət Kollektiv Yardıma aid Qaydalar layihəsi (II Əlavə), 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyaları və onlara əlavə protokollar (I Əlavə. Əlavə tibbi yardım zonaları və yerləri haqqında Saziş layihsəsi) və1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar, Hərbi əsirlər ilə rəftara dair 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası (I Əlavə. Yaralı və Xəstə hərbi əsirlərin birbaşa Vətənə qaytarılması və neytral ölkələrdə yerləşdirilməsi haqqında nümunəvi Saziş (110-cu maddəyə bax), II Əlavə. Qarışıq tibbi komissiyalar haqqında Əsasnamə (112-ci maddə bax), III Əlavə. Kollektiv yardıma aid qaydalar (73-cü maddəyə bax), 14 may 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” Konvensiya və əlavə protokolar, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsi və s. Sənədlər qəbul edilib ki, onun tələblərinə zidd hərəkətlər ediblər.

Rəsmi məlumatlara əsasən, Ermənistan Azərbaycana hərbi təcavüzü nəticəsində 1988-1994-cü illərdə 3 890 nəfər itkin düşüb ki, onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1 480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub. 17 fevral 2021-ci il tarixdə Şuşa rayonunun Daşaltı kənd ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, 28-29 mart 2022-ci il tarixdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, 23-26.02.2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, 15-29 sentyabr 2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar olunmuş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}