Viktor Çobanu: “Qaqauziya üçün təbii müttəfiqlər Azərbaycan və Türkiyədir” - MÜSAHİBƏ


Çətin geosiyasi və coğrafi mövqedə yerləşən Moldovanın muxtar ərazi qurumu olan Qaqauziyada (Qaqauz Yeri) keçirilən rəhbər (başqan) seçkisindən sonra ölkədə daxili siyasi vəziyyət yenidən mürəkkəbləşib.

Moldovanın Baş naziri Dorin Reçan dünən Qaqauziyada keçirilən seçkinin nəticələrini etibarsız saymaq haqqında çağırış edib.

Səsvermənin ikinci turunun nəticələrinə görə, qalib heç kimin gözləmədiyi halda Moldovanın milli-mühafizəkar “Şor” parlament partiyasının nümayəndəsi, rusiyayönümlü siyasətçi, heç bir siyasi təcrübəsi olmayan Yevgeniya Qutsul oldu.

Bəzi siyasi ekspertlərin daha çox mötədil siyasətçi kimi təqdim etdikləri Qriqori Uzun (Sosialistlər Partiyası) isə ikinci turda 2 500 səs fərqi ilə Yevgeniya Qutsula uduzub.

Həm Yevgeniya Qutsul, həm Qriqori Uzun, ümumiyyətlə, Qaqauziyanın əksər siyasətçiləri Rusiya ilə sıx əməkdaşlığın tərəfdarıdırlar.

Yeganə fərq odur ki, Qriqori Uzun digərlərindən fərqli olaraq, seçki kampaniyası zamanı türk dünyasının birliyindən danışırdı. Belə ki, qaqauzlar Azərbaycan və türk dillərinə çox yaxın bir dildə danışan türkəsilli xalqıdır.

Bir neçə gün əvvəl Moldova Milli Antikorrupsiya Mərkəzinin əməkdaşları Qaqauziyanın Mərkəzi Seçki Komissiyasının üzvlərinə dindirilmək üçün çağırış vərəqələri yollayıblar.

Belə ki, mərkəzi hökumət Yevgeniya Qutsulu seçicilərə rüşvət verməkdə ittiham etmək istəyir.

Dünən isə Qaqauziyada əhalinin etiraz aksiyası keçirilib.

Qeyd etmək yerinə düşər ki, Qaqauziyada seçkinin nəticələrinin açıqlanmasından sonra Moldova parlamentinin spikeri İqor Qrosu ölkəsinin MDB-yə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasından çıxmaq prosesinin başlandığını elan etdi.

Moldova parlamentinin spikeri belə hesab edib ki, bu təşkilatda təmsilçilik Moldovaya “heç nə ilə kömək etməyib”.

Eyni zamanda, Qaqauziyanın seçilmiş yeni Başkanı Yevgeniya Qutsul Moldovanın muxtariyyəti olan Qaqauziyanın Rusiyada nümayəndəliyini açmağa hazırlaşdığını elan edib.

Tanınmış moldovalı politoloq Viktor Çobanu ölkədə yaranmış siyasi vəziyyəti Oxu.Az-a şərh edib.

- Seçkinin ikinci turunun nəticələrinə görə, Qaqauziyanın başkanı rusiyayönümlü “Şor” partiyasının nümayəndəsi Yevgeniya Qutsul qalib oldu. Aydındır ki, Qaqauziyada, demək olar ki, bütün siyasətçilər Rusiyaya rəğbət bəsləyirlər, lakin Sosialist Partiyasının nisbətən mötədil namizədi Qriqori Uzun məğlub olub.  Eyni zamanda, Yevgeniya Qutsul siyasətdə yeni simadır, bəs necə oldu ki, o qalib gəldi?

- Onun fəaliyyəti “Şor” adlı kommersiya layihəsi ilə bağlıdır, çünki onun təmsil olunduğu siyasi təsisata partiya demək çətindir. Əslində, Qaqauziyada “Şor” partiyasına artıq məlum olan seçki texnologiyası növbəti dəfə sınaqdan keçirildi - bu, birbaşa və dolayı yolla seçicilərin rüşvət yolu ilə ələ alınmasıdır. Bundan əlavə, seçki kampaniyası zamanı ağlasığmaz populist nitqlər söylənilirdi. Onlar Qaqauziya üçün xüsusi qaz qiymətinin tətbiq olunacağından, beynəlxalq mərkəzə çevriləcək hava limanının tikintisinə başlanılacağından, Qaqauziyada hansısa “qaqauzlənd”lərin peyda olacağından danışırdılar. Qurulan bu qeyri-ciddi kampaniya uğurlu oldu. Üstəlik, Qaqauziyada seçicilərə rüşvət vermək pul baxımından o qədər də baha başa gəlmir. 27 000 səs Qutsulun qalibiyyəti üçün kifayət etdi.

O, siyasətin içindən gələn adam deyil.  Ümumiyyətlə heç kim idi. Məlumatlara görə, Yevgeniya Qutsul son vaxtlaradək işsiz olub. Ona verilən konkret suallara isə belə cavab verirdi: Qaqauziyanı necə idarə edəcəyini bilmir, amma “Skype” vasitəsilə əlaqə saxladığı İlan Mironoviç Şorun (“Şor” partiyasının qurucusu) köməyi ilə hər şey qaydasında gedəcək və Qaqauziya möcüzələr diyarına çevriləcək. “Möcüzələr diyarı” ilə bağlı məsələ mənə nədənsə “Pole çudes”i (Rusiya telekanallarının birində veriliş – red.) xatırladır, o da bizə “Buratinonun macəraları” uşaq filmindən məlum olduğu kimi, “Axmaqlar ölkəsi”ndə yerləşirdi.  Bütün bunlar təcrübəsiz elektorat üçün nəzərdə tutulmuşdu.

Qaqauziya başqanlığına digər namizəd Qriqori Uzunu isə mən mötədil siyasətçi adlandırmazdım. O da rusiyapərəstdir, Putinin soyadını ehtişamla çəkirdi. Başqa bir məsələ ondan ibarətdir ki, Qaqauziyada, demək olar ki, bütün namizədlər ritual olaraq Rusiya Federasiyasına sadiqliklərini nümayiş etdirməlidirlər, çünki region rusiyayönümlü hesab olunur.

- Amma Qriqori Uzunun dilindən Türkiyənin, Azərbaycanın adlarının çəkilməsi ilə müşayiət olunan türkyönümlü və türkpərəst bəyanatlar oldu. Başqa namizədlərdən belə açıqlamalar olmayıb, hər halda mən rast gəlməmişəm.

- Bəli, seçki kampaniyasının sonlarına doğru Uzun həm Türkiyədən, həm də türk dünyasından danışdı. Başa düşürdü ki, daha sağlam fikirli görünmək, özünü siyasətdə daha təcrübəli göstərmək lazımdır. Onun təmsil olunduğu Moldova Sosialistlər Partiyasından müəyyən siyasi təcrübəsi var.

Kişineu Qaqauziyada keçirilən seçkinin nəticələrini qəbul etmədi. Başqanlığa öz namizədi olmayan mərkəzi hökumət seçkiyə müdaxilə etməməyə üstünlük verdi. Ona görə də Qaqauziyada baş tutan “daxili yarış”da qaçaq oliqarx İlan Şorun və güman ki, Rusiya Federasiyasının ayırdığı pullarla “kütləvi rüşvətxorluq” prinsipi qalib gəldi. Rusiya Federasiyasında hələ ötən ilin payızından etibarən “Şor”u Moldova Respublikasının əsas “rusiyapərəst partiya”sı adlandırırlar.

- Moldova Milli Antikorrupsiya Mərkəzi seçicilərə rüşvət vermək şübhəsi ilə Qutsula qarşı cinayət işi açıb. Bu, səsvermənin nəticələrinin ləğvinə səbəb olacaqmı?

- Bəli, nəzəri cəhətdən bu, mümkündür və presedentlər də olub. Belə ki, 2021-ci ildə Balti şəhər məhkəməsi Mərkəzi Seçki Komissiyasının müraciətini əsaslı sayaraq birinci turun qalibi olmuş Marina Tauberi seçkidən kənarlaşdırdı. Həmin hadisədə də, Qutsul məsələsində olduğu kimi, təxminən eyni pozuntular var idi. Amma məsələ ondan ibarətdir ki, seçkinin ləğvi prosedurunun özü kifayət qədər mürəkkəbdir. Polis seçki prosesinin pozulması ilə bağlı MSK-ya məlumat verib. Öz növbəsində, Kişineuda oturan Mərkəzi Seçki Komissiyası da Qaqauziya Mərkəzi Seçki Komissiyasına pozuntular barədə məlumat verib. Orada isə hesab ediblər ki, bütün bunlar əsassızdır və Kişineu Qaqauziyanın daxili işlərinə qarışır. Görək bundan sonra nə olacaq? Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Qaqauziyanın başkanı, əslində, Moldova Respublikası hökumətinin üzvüdür. Biz seçki prosesi ərzində aeroportlar, “qaqauzlənd”lər haqqında çox söhbətlər eşitdik. Amma sonra konkret iş başlayır – Kişineu ilə, beynəlxalq donorlarla münasibətlər (Qaqauziyanın müstəqil xarici fəaliyyət yürütmək hüququ var). Yeri gəlmişkən, Türkiyə Qaqauziyada Avropa səviyyəli yollar çəkib.

Moldovanın Avropa ölkələri arasında ən böyük donoru Rumıniyadır. Amma Rumıniya bütün seçki kampaniyalarında qaqauzları qorxutmaq üçün istifadə edilən ənənəvi “müqəvva” rolunu oynayır. Türkiyə qaqauzların dostudur, müttəfiqidir, amma NATO üzvüdür. Şimali Atlantika Alyansı isə qaqauzlar üçün eynilə Rumıniya kimi “müqəvva” rolunu oynayır. Beləliklə, biz nəticəni görürük. Az-çox sağlam gündəm təklif edə bilən namizəd seçilmədi. Məlum oldu ki, məntiq və faktlar çılpaq populizm və təbliğata uduzur.

- Qaqauziyada avtomobil yolları çəkən Türkiyənin adını qeyd etdiniz. Azərbaycan da qaqauzlara kömək edir. Moldovadan olan həmsöhbətlərimə tez-tez Çadır-Lunqa şəhərində inşa etdirilən mədəni-maarif mərkəzini xatırladıram, bu layihə Azərbaycanın dəstəyi ilə həyata keçirilib. Biz Azərbaycanda qaqauzları qardaş xalq hesab edirik...

- Əlbəttə, bu, həqiqətən də, belədir. Mənə elə gəlir ki, türk dünyası, Azərbaycan, Türkiyə Qaqauziya üçün çox vacib və daha təbii müttəfiqlərdir, lakin orada Rusiyaya oriyentasiya ənənəsi qalır. Mən də tez-tez soruşuram: Rusiyanın Qaqauziyada həyata keçirdiyi, heç olmasa, bir layihənin adını çəkin. Yadımdadır, Tatarıstanın rəhbəri (və ora Rusiya Federasiyasının türk bölgəsidir) Rüstəm Minnixanov 2016-cı ildə Qaqauziyanın təhsil müəssisələrinə musiqi alətləri göndərmişdi, bəs biz böyük layihələrin icrasını niyə görmürük?

- Qutsul başkan olaraq qalsa, sizcə, Qaqauziyanın türk dünyası ilə münasibətləri necə olacaq?

- Mənim üçün bunun proqnozunu vermək çətindir. Yevgeniya Qutsul artıq dediyim kimi, siyasətçi deyil. Onu verdiyi ilkin bəyanatlarla qətiyyən qiymətləndirmək olmaz. Hər şey milyarder İlan Şorun mövqeyindən asılı olacaq, görünür, o, türkdilli dünya ilə münasibətləri dərinləşdirməkdənsə yalnız rusiyayönümlü ritorikaya və rusiyayönümlü istiqamətə diqqət yetirəcək.

- Bəs Kişineu ilə Komratın (Qaqauz Yerinin paytaxtı), onsuz da, idealdan uzaq olan münasibətləri necə, mürəkkəbləşəcək?

- Bəli, daxili gərginlik artacaq. Moldova isə onsuz da, çətin coğrafi, geosiyasi vəziyyətdədir, onun yanında, Ukraynada müharibə gedir. Qaqauziyanın mərkəzi hakimiyyətdən müəyyən qədər uzaqlaşmasını gözləmək olar və bunun heç kimə xeyri olmayacaq.

Nair Əliyev

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}