Suriyanın müdafiə nazirinin müşaviri həm də “Mossad”ın agenti idi


Əvvəlki yazılarda “Mossad”la bağlı bəzi məlumatları diqqətinizə çatıdıraraq bu kəşfiyyat orqanının necə ciddi və peşəkar olduğuna bir daha əmin olduq. Yazdıqlarımızın əksəriyyəti açıq mənbələrdə var. Və arzusu olan hər bir kəs özü də bu məlumatları bir daha yoxlaya bilər. Təəssüflər olsun ki, elə məlumatlar da var ki, onlar hələ də kəşfiyyat qurumlarının tozlu arxivlərində saxlanılır. Əgər qismətimiz olarsa, bir gün onlara da toxunarıq.

Bu, mənim “Mossad”la bağlı III yazım olacaq. Və təsadüfə baxın ki, bu gün İsrailin müstəqilliyinin 75-ci ildönümüdür. Bu münasibətlə dünyanın hər yerində yaşayan yəhudiləri və həmçinin İsraildə yaşayan və İsrail dövlətinin qurulmasında əmək sərf etmiş hər bir kəsi təbrik edirəm. Müstəqil dövlətin və dövlətçiliyin olması bir ayrı lüksdür. Nə yaxşı ki, biz də bunu yaşayırıq. 

Düşündüm ki, bu, III yazı Eli Koen haqqında olmalıdır. Çünki bu agent sadəcə “Mossad” əməkdaşı deyildi, o, həqiqətən də super agent idi. Bəzən ona “Şərqin Ceyms Bondu” da deyirlər.  

Amma xahiş edirəm bu ad-soyadı İsrailin indiki Xarici İşlər Naziri Eli Koenlə səhv salmayın. Yeri gəlmişkən, təzəlikcə Bakıya da rəsmi səfər etmişdi.

Qayıdaq casus Eli Koenə. Niyə Eli Koen “Mossad” kimi peşəkarlığın fövqündə duran, fantastik texniki və hərbi imkanlara malik qurumun ən yaxşı agenti sayılırdı? Çünki, o, Suriya Müdafiə Nazirinin baş məsləhətçi vəzifəsinə qədər gedib çıxmışdı. Təsəvvür edin, adam “Mossad”a işləyir və Suriya hökumətində yüksək vəzifəli məmurdur. Adamın həyatı və fəaliyyəti həqiqətən də film kimidir. Yeri gəlmişkən, onun haqqında film də çəkilib. 

Əvvəla ondan başlayaq ki, super agent Eli Koen Misirdə yəhudi ailəsində dünyaya göz açıb. Daha sonra ailəsi İsrailə köçür, Eli isə Misirdə qalır. Bu ərəfədə isə Misirin ərəb ölkələriylə müharibəsi başlayır. Müharibə dövründə yəhudilərin Misiri tərk etməsi üçün fürsət yarandığından, Eli də İsrailə gəlir. Və o “Mossad”a müraciət edir ki, onlarla əməkdaşlıq etsin. Lakin, “Mossad” ona müsbət cavab vermir. Bir müddət bizneslə, başqa fəaliyyət növləri ilə məşğul olan Elini “Mossad”a nəhayət belə desək işə götürürlər. O vaxt da, “Mossad”ın rəhbəri əfsanəvi İsser Harel idi. 

Və beləliklə Elinin “Mossad”da xəfiyyə kimi həyatı başlayır. İlk növbədə Elini Buenos-Ayresə, Argentinaya göndərirlər. Təbii ki, onun “əfsanəsi” olmalı idi. “Əfsanə” isə o idi ki, Eli ərəbdir, misirlidir, bizneslə məşğuldur və Argentinada biznesinin daha bir nümayəndəliyini açır. Bildiyiniz standart nağıl. 

Bəzi tədqiqatçılar isə düşünür ki, Elini “Mossad” o zaman məhz Argentinaya göndərməsində əsas məqsədi Almaniyadan qaçıb Argentinada sığınacaq tapmış nasistlərin izinə düşmək idi. Çünki II Dünya Müharibəsindən sonra xeyli sayda alman nasisti başqa sənədlər altında bilavasitə Argentina prezidentinin şəxsi dəstəyi nəticəsində çox rahat şəkildə Argentinada yaşayıb, bəzən də Avropanın başqa ölkələrinə qaça bilirdilər. 

Eli ingilis, fransız və ərəb dillərini mükəmməl bilirdi. Üstəgəl xarizmatik xarici görünüşü ona çox qısa zaman ərzində insanlarla kontakta keçməyə imkan verirdi. Bu da azmış kimi Eli fotoqrafik yaddaşa malik idi. Allah sanki Elinin alnından öpmüşdü. 

Məlumatlara görə 1960-cı ildə Eli “Mossad”da hazırlıq kursunu keçir. 9 ay ərzində obyekti izləmək, radiotexnika ilə şifrəli işləmək və xəfiyyəyə lazım olacaq bütün baza biliklərə yiyələnir. Onun fotoqrafik yaddaşı isə “Mossad” üçün əlavə üstünlük idi. Beləliklə Eli Koen müxtəlif tankların, haubitsaların, təyyarələrin modellərini də öyrənir. Onun bir dəfə baxmağı kifayət idi ki, düşmənin hansı hərbi texnikası varsa yadında saxlaya bilsin.

Ağıllı telefonla casusluq etməyə nə var ki? Siz bir də keçmişə baxın. Yalnız iti yaddaş, güclü təhlil qabiliyyəti, ağıllı və cəsur olmaq. 

Bütün hazırlıq proseslərindən sonra Eli Koen keçmişinin üstündən xətt çəkərək, yeni ad-soyadla Kamil Amin Taabet kimi əməliyyata başlayır. 

Bunu da mütləq qeyd etməliyəm ki, o dövrdə “Mossad” ancaq ərəb ölkələrində deyil, həm də İndoneziya, Sinqapur, Hindistan, Yeni Zellandiyaya kimi ölkələrə ayaq açaraq, yeni gizli agent sistemi qururdu.

Ümumiyyətlə “Mossad”ın əsas məqsədi, onun hər yerdə göz və qulağının olması idi. 

1961-ci ildə Misirdən Argentinaya gələn biznesmen Kamil Amin şən, əliaçıq və qonaqpərvər biri kimi tanınmağa başlayır. Onun evində çox vaxt şən və əyləncəli qonaqlıqlar keçirilir, şəhərin ən maraqlı qadınları bu şənliklərdə iştirak edirdilər. Bu qonaqlılara yüksək çinli məmurlar və nüfuzlu adamlar can atmağa başlayırlar. Belə adamlardan biri də Amin Əl-Hafez olur. Bu adam isə Suriyanın Argentinada hərbi-attaşesi kimi fəaliyyət göstərirdi. Təbii ki, Kamil yəni Eli bu adamla yaxın və çox səmimi dostluq münasibətləri qurur. Qadınlar, şənliklər, siqarlar, içki məclisləri və s. bu dostluğu daha da möhkəmləndirir. 

 Günləri bir günü Amin Əl-Hafez Suriyaya qayıdaraq bizim bugünkü qəhrəmanınızı “Mossad”ın ən qiymətli casusunu yanına, Suriyaya çağırır. Təsəvvür edirsiniz? Casusun özünü Suriyaya dəvət edir ki, “bəs gəl, məni vəzifə yüksəlişi gözləyir, burada biznes üçün daha geniş imkanlar var”. Bizimkilər demişkən “kor nə istər? İki göz”.

Eli Koen və ya Kamil Amin yığışır və köçür Suriyaya. Özü də elə yerdə ev kirayə edir ki, evinin pəncərələri birbaşa Baş Qərargah binasına və oxumağa hazır olun, prezident iqamətgahına baxır. Elə bil ki, “Mossad”ın pəncərələri baxır Suriya prezidentinin ofisinə.

Bu isə o demək idi ki, Kamil müşahidə nəticəsində gündə neçə dəfə kimlərin, hansı nəqliyyat vasitələrinin və s. içəri girib-çıxmasını, “genştab”da heyətin neçə nəfər olmasını monitorinq edirdi. Bildiyin Suriya hökuməti olur Elinin və ya Kamilin əlinin içində. 

İndi deyəcəksiniz ki, bəs bütün əldə olunan bu qədər dəyərli və gizli məlumatları Eli, üzr istəyirəm Kamil “Mossad”a necə ötürürdü? 

Bu xüsusi şifrələr vasitəsilə həyata keçirilən ötürmə prosesi idi. Bəs şifrəni Kamil necə əldə edirdi? Və burada yenə də dahi yəhudi ağlının məhsulu ortaya çıxır. “Mossad” İsrail radiosunda yayımlanan ərəb mahnıları vasitəsilə Kamilə – Eliyə şifrələr ötürürdü. Şeytanın başına torba tikmək kimi bir şeydir. Ağlagəlməz hiyləgər bir plan. 

Bütün bunlar azmış kimi Tanrı “Mossad”a daha bir hədiyyə bağışlayır. Qadın, içki, kef məclisləri sayəsində Eli Koenlə dostlaşan Suriyanın Argentinada olan keçmiş hərbi attaşesi Hafez olur Suriya dövlətinin rəhbəri, prezidenti. Yəni bu ssenarini kim yaza bilərdi ki? Heç bir ssenari müəllifi belə fantaziyaya malik ola bilməzdi. 

Beləliklə, Hafezin ən yaxın dostu olan Kamilin əli bütün gizli seyflərə, sənədlərə, hərbi məlumatlara çatır. Bir sözlə, əlini uzat götür. Düzdür bu gün ərəblər bunu etiraf etməsələr də (bu birbaşa öz axmaqlığının etirafı deməkdir) bu barədə dəqiq məlumatlar var ki, o zaman Eli Koen - Kamil Suriyanın Müdafiə Nazirinin müşaviri olur. 

Fantastikadır, deyilmi? Üç il ərzində Kamil İsrail dövlətinin var olması uğrunda gizli mübarizə aparır. Suriyanın ən dərin, ən gizli dövlət sirlərini “Mossad”a ötürür. 

Koenin məlumatları sayəsində İsrail Sovet İttifaqının Suriyaya nə qədər və hansı hərbi texnika verəcəyini, onların harada saxlandığını və nə üçün nəzərdə tutulduğunu az qala suriyalı generalların əksəriyyətindən daha tez bilirdi.

Elinin İsrail üçün ən əhəmiyyətli məlumatı və əməliyyatı isə Qolan təpələrindəki ağaclar hesab olunur. Qolan yüksəkliklərdən düşmən İsrailin əhəmiyyətli bir hissəsini bombalaya və tez bir zamanda hücuma keçə bilərdi. Kamilin əsas tapşırığı bu təpələrin əhəmiyyətini azaltmaq idi. Eli öz əlaqə və vəzifəsindən istifadə edərək Qolan yaylasındakı artilleriya mövqelərini ziyarət edir və deyir ki, burada xidmət çəkən hərbçilər günün altında çox əziyyət çəkirlər. Gəlin heç olmasa evkalipt ağacları əkək ki, həm uşaqlar əziyyət çməkməsin, həm də yaşıl ağaclar bunkerlərə girişləri düşmən pilotlarının diqqətindən yayındaracaq. Gözünə döndüyüm Suriyanın yüksək çinli hərbçiləri də Elinin bu təklifini alqışlayaraq həyata keçirirlər. 

1967-ci ildə isə İsrail Hərbi Hava Qüvvələrinin hədəfi məhz bu yaşıl bunkerlər olur və bu hədəflər bir-bir məhv edilir. 

“Mossad”da fəaliyyət dövrü ərzində Koen İsraildə cəmi üç-dörd dəfə olur. Sonuncu dəfə 1964-cü ilin sonlarında, üçüncü övladının doğulmasını görmək üçün gələn Koen Suriyaya qayıtmaq istəmirdi. Sanki içində bir səs ona daha bəsdir, qayıtma deyirdi. 

Lakin İsrail dövləti və “Mossad” ona sonuncu dəfə Suriyaya getməyə vadar edir. Qəti şəkildə qərara gəlirlər ki, bu Elinin Suriyaya son ezamiyyəti olacaq. 

Açığı Suriya dövləti də uğursuz hərbi əməliyyatlar və digər biabırçı hadisələrə görə artıq şübhəyə düşmüşdü. Ən axmaq adam belə anlayar ki, məlumat nəinki sızmır, hətta ilə İsrailə çay kimi axır.

Yenə də ərəblərə KQB və SSRİ-də istehsal olunan ən son radio avadanlıqlar köməyə gəlir. Ciddi məxfilik şəraitində əks-kəşfiyyat radio sükut dövrləri elan edərək havanı “daramağa” başlayır. Sübh tezdən isə şifrəli siqnal müəyyən edilir. Bu siqnal Baş Qərargah binası ilə üzbəüz olan mənzillərdən birindən gəlirdi. Dörd komando binaya daxil olur və Koeni Təl-Əvivə məlumat ötürdüyü yerdə saxlayırlar. 

Həbs olunduqdan sonra Eli dörd həftə ağır işgəncələrə məruz qalır. Təbii ki, vəkillə təmin olunmadan hərbi məhkəmə qarşısına çıxarılır. “Mossad” Koeni oğurlamaq, qaçırtmaq və ya dəyişdirməyə müyəssər ola bilmir. Hətta Roma Papasının xahişi belə ərəbləri məhbusu azad etməyə inandırmır. 

İsrailin fəaliyyətinin suriyalılara vurduğu zərəri nəzərə alsaq, bu heç də təəccüblü deyildi. Bircə nəfər “misirli biznesmen” bütün Suriya dövlətini, hərbi strukturunu, ordusunu və kəşfiyyatını barmağına dolamışdı. Bir tabor ərəb onun çaldığı musiqiyə rəqs edirdi. Bunu kim bağışlayar ki? 

Eli ərəblərə məxsus şəkildə Dəməşq meydanında asılaraq edam olunur. Onun edamını izləmək üçün 10 min insan yığılır. 

Onun cəsədi 6 saat asılı qalır və sonrakı hadisələr barədə dəqiq məlumat yoxdur. 


Bəzi məlumatlara görə, Koenin cəsədi yəhudi qəbiristanlığında, naməlum məzarda dəfn olunub, digər versiyaya görə isə “Mossad” Elinin cəsədini oğurlamasın deyə, haradasa bunkerdə saxlanılır.  

İndiyə qədər İsrailə Elinin yalnız saatı geri qaytarılıb. Deyilənə görə casuslar onun saatını
hansısa ölkədə hərracda satılarkən müəyyən edib geri alıblar. Görün düşmənə necə dağ çəkibsə üstündən bu qədər vaxtın keçməsinə baxmayaraq, ərəblər Elinin sümüklərindən belə qorxurlar.

Eliyə edamdan əvvəl ravvinlə görüşə icazə verildiyi söylənilir. Evə göndərdiyi məktubda Eli ailəsindən üzr istəyir və həyat yoldaşına bildirir ki, keçmişi və Elini unutsun. Arvadına yenidən ailə qurmağı və həyatını davam etməsini tövsiyə edir. Həm də bildirir ki, uşaqlara ata lazımdır. Lakin Nadia Koen heç vaxt yenidən ailə qurmur. Görünür ki, nə keçmişi, nə də Elini unuda bilmir. Baxmayaraq ki, Eli onun yanında elə çox müddət olmamışdı... 

Bəzən Vətənin, dövlətin və dövlətçiliyin maraqları şəxsi maraqlardan qat-qat elə üstün olur ki, Eli kimi qəhrəmanlar gözlərini belə qırpmadan nəinki özlərini, hətta ailələrini belə qurban verirlər.

Bu gün İsrail dövlətinin 75 yaşı tamam olur. Onun bu yaşa çatmasında neçə-neçə açıq və gizli Eli kimi qəhrəmanların əməyi, qanı, canı var. 

Eynən bizdəki kimi.

Kubra Məhərrəmova

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}