Kənd təsərrüfatına dövlət dəstəyinin artırılmasının nəticəsi necə olacaq?
Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına 2023-cü ilin dövlət büdcəsindən 1 milyard 202,1 milyon manat məbləğində vəsait ayırmağı planlaşdırır ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz çoxdur. Maliyyə Nazirliyindən bildirilib ki, müxtəlif kənd təsərrüfatı tədbirləri üçün 658,1 milyon, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 465,8 milyon, baytarlıq tədbirləri üçün 47,5 milyon, digər məqsədlər üçün 30,7 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi də daxil olmaqla ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait nəzərdə tutulub. Bundan əlavə, ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və ölkənin ərzaqlıq buğda ilə özünü təminat səviyyəsinin artırılması üçün yeni tənzimləyici mexanizmlərin yaradılması məqsədilə 180 milyon manat məbləğində vəsait ayrılacaq. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortalanması üçün 6,5 milyon manat məbləğində vəsaitin ayrılması da nəzərdə tutulub. Bəs dövlətin bu sahəyə bu cür dəstəyinin nəticəsi olaraq nə gözlənilir? Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirilib ki, kənd təsərrüfatı ilə bağlı dövlət dəstəyi neçə ildir var: “Əsasən ərzaq təhlükəsizliyinin təmin edilməsi, istehsalın artmasının dəstəklənməsi, regionlarda məşğulluğun artırılması, sabit saxlanması məqsədi güdür. Bu il bəzi sahələr üzrə kənd təsərrüfatında əkin subsidiyalarında artım var. Ən ciddi yenilik ərzaq buğdasının yetişdirilməsi ilə bağlı məhsul subsidiyasının verilməsidir. Ərzaq buğdası ilə bağlı problem Ukrayna-Rusiya münaqişəsindən sonra çox aktuallaşıb. Buna görə də bu sahə diqqət mərkəzindədir. Əlavə olaraq işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı strukturlarının qurulması və oradakı yeni torpaqlara ayrılan subsidiyaların verilməsinin təminatı vəsaitlərin artırılmasını məcburi edir”. Ekspertin sözlərinə görə, asılılığın aradan qaldırılması kənd təsərrüfatını inkişaf etdirəcək: “Ölkədə dənli bitkilər - arpa, buğda kimi məhsulların toxum məsələsində xaricdən asılılıq var. Həmçinin, damazlıq heyvanlar da daha çox xaricdən gəlir. Bu asılılığının azaldılması yönündə Elmi Tədqiqat İnstitutu ilə birlikdə yeni sortların inkişaf etdirilməsi, ölkə daxilində damazlıq heyvan bankının yaradılması və yetişdirilməsi təmin oluna bilər. Kənd təsərrüfatında istifadə olunan texnika, avadanlıq və detallarının böyük əksəriyyəti də idxal olunur. Kənd təsərrüfatı texnikası, onların avadanlıqları, detallarının istehsalı istiqamətində ölkənin sənayeləşmiş rayonlarında bazaların yaradılması bu asılılığı azalda bilər. Əlçatanlığın təmin edilməsi kənd təsərrüfatının inkişafına dəstək ola bilər Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov dedi ki, Rusiya-Ukrayna müharibəsi fonunda ərzaq təhlükəsizliyi məsələləri daha da aktuallaşdı: “Bu baxımdan Azərbaycan qabaqlayıcı addımlar atdı, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı siyasəti dərinləşdirdi. Ona görə 2023-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı üçün daha çox vəsaitin ayrılması ölkənin ərzaqla təminatında təhlükəsizliyinin daha da gücləndirilməsi, xarici təsirlərə daha çevik reaksiya verilməsi məqsədi daşıyır. Strateji ərzaq məhsulları üzrə həm yığım, həm ehtiyatların artırılması, həm istehsalın genişləndirilməsi ilə bağlı xüsusi tapşırıqlar var. Bu istiqamətdə icra edilən dövlət proqramları təkmilləşdirilir deyə, daha çox vəsaitin ayrılması gözlənilən idi”. Deputat bildirdi ki, 2023-cü ildə aqrar sektora ayrılmış vəsait il ərzində kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan verəcək: “Bu, xüsusən yeni texnologiyanın, aqroparkların genişləndirilməsi və texnoloji təminatın artırılması deməkdir. Həm də aqrar sektorda çalışan fermerlər üçün subsidiya mexanizmi təkmilləşdiriləcək. 2023-cü ildə strateji məhsul istehsal edən fermerlər üçün daha çox subsidiyanın ödənilməsi nəzərdə tutulur ki, bu da nəticədə aqrar məhsulların istehsalının əvvəlki ilə nisbətən daha çox artacağını proqnozlaşdırmağa imkan verir. Kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi üçün bir baza formalaşır və dövlət də maliyyə resursları ilə bu prosesi daha yaxından təşviq etməyə və dəstəkləməyə çalışır. 2023-cü ildə yerli istehsalın genişləndirilməsi hesabına ərzaq məhsullarının idxalının azaldılması gözlənilir. İidxalın azaldılması həm idxal inflyasiyasının tənzimlənməsi, həm istehlak bazarında tarazlığın qorunması, həm də vətəndaşlarımızın ərzaq məhsullarına əlçatanlığının genişləndirilməsi baxımından vacib hesab olunur”. V.Bayramovun sözlərinə görə, vəsaitlərin ayrılması həm də maliyyə təşviqi, bu sahədə infrastrukturun genişləndirilməsi və istehsalın artırılması üçün yeni imkanlardır: “İstehsal edilən məhsulların xarici bazara yalnız xammal formasında deyil, emal edilərək çıxarılması həm fermerlərin gəlir imkanlarının artırılması, həm də daha çox ixracın həyata keçirilməsi imkanını yarada bilər. Yeni bazarlara çıxış həm də fermerlərin ənənəvi bazarlardan asılılığının aradan qaldırılması deməkdir. Bu baxımdan, həm kənd təsərrüfatı məhsullarının emal edilərək bazara çıxarılması, həm yeni bazarların tapılması aqrar sektorda vacib istiqamətlərdəndir. 2023-cü ildə bu istiqamətdə fəaliyyətlərin daha da genişlənəcəyi gözlənilir”.
Facebook-da paylaş