Şimali Koreya nüvə müharibəsi ilə hədələyir: Tunelləri yeniləyir
Şəffaflıq.az xəbər verir ki, Şimali Koreya çərşənbə axşamı Yaponiya üzərindən Sakit okeana orta mənzilli ballistik raket sınağı keçirib və bu, Yaponiyanın şimalında böyük panikaya səbəb oldu. Bunun üzərinə ABŞ və Cənubi Koreya dünən dörd qısa mənzilli raketin Yapon dənizindəki hədəfləri uğurla vurduğunu bildirib. Lakin Cənubi Koreya istehsalı olan daha uzun mənzilli raket sınağı uğursuzluqla nəticələnib. Rəsmilər əlavə edib ki, bu təlim “Pxenyanın təxribatlarını” dayandırmaq üçün edilib. Pxenyanın 5 ildən sonra Yaponiya üzərində atdığı raketlə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın çağırışı ilə təcili toplanıb. Yığıncaqda ABŞ Rusiya və Çini Şimali Koreyanı daha sərt sanksiyalardan qorumağa çalışmaqda ittiham edib. Çin və Rusiya nümayəndə heyətləri isə dialoqun cəzadan daha yaxşı olduğunu bildiriblər. İki aydır ki, ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın mümkün hücumunun qarşısını almaq və onu dayandırmaq üçün bir sıra birgə hərbi təlimlər keçirir. Şimali Koreya lideri Kim Çen In bu təlimləri müharibəyə hazırlıq kimi qiymətləndirib. Pxenyandan verilən açıqlamada ABŞ “Koreya yarımadasında hərbi gərginliyi artırmaqda” ittiham edilib. Hərbi təlimləri davam etdirən ABŞ qadağan olunmuş raket sınaqları və "təhlükəsizlik təlimləri"nin ekvivalent olmadığını bəyan edib. ABŞ həmçinin Koreya yarımadası yaxınlığında Amerikanın "Ronald Reagan" təyyarədaşıyan gəmisini yerləşdirib. Cənubi Koreya və Yaponiya Şimali Koreyanın ilk raket sınaqlarının səhər saat 06:00 radələrində həyata keçirildiyini bildirib. Təxminən 350 km məsafə qət edən raketin maksimum 100 km hündürlükdə hərəkət etdiyini bildirilib. 800 km mənzilli ikinci raket təxminən 50 km hündürlükdən uşub. Bölgədəki son aktivlik 2017-ci ildə Şimali Koreyanın nəhayət nüvə silahını sınaqdan keçirdiyi zaman baş verənləri xatırladır. Həmin vaxt Şimali Koreya Yaponiya üzərində iki raket sınağı keçirmişdi və Pxenyanla Vaşinqton arasında dialoq baş tutmamışdı. Peyk görüntüləri göstərir ki, Şimali Koreya nüvə silahı sınağı meydançalarında tunelləri yeniləyir. Pxenyan 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə qısamüddətli dialoq zamanı bu yerləri sökdüklərini iddia etmişdi. Bundan əlavə, Şimali Koreya da keçən ay nüvə qanunlarını dəyişdi, Kim Çen In ölkənin "şübhəsiz nüvə gücü" olması haqqında qanunu imzaladı. Bütün bu hadisələr Şimali Koreyanın 7-ci nüvə sınağını keçirəcəyi ilə bağlı narahatlıqları da gətirir.Pxenyan sınaqların ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə cavab olaraq keçirildiyini açıqlayıb.
Facebook-da paylaş