Baydenlə Putinin bir çox vacib məsələləri müzakirə edəcəyi gözlənilir.
İyunun 15-də İsveçrənin Cenevrə şəhərində Co Baydenin ABŞ prezidenti kimi Rusiya dövlət başçısı Vladimir Putinlə ilk təkbətək görüşü baş tutacaq. Dünya mətbuatının görüşə marağı yüksəkdir. Baydenlə Putinin bir çox vacib məsələləri müzakirə edəcəyi gözlənilir.
Şəffaflıq.az xəbər verir ki, “The American Spectator” görüşlə bağlı yazısında çox maraqlı nüansları qabardıb. Jurnal Bayden və Putinin Cenevrə qarşılaşmasından gözləntilərindən bəhs edib.
“The American Spectator” əvvəlcə xatırladır ki, ABŞ prezidenti dövlət başçısı seçilməsinin ilk üç ayında çox sərt danışırdı. Bayden Putini “qatil” adlandırmaqdan çəkinməmişdi. Amma sərtliyin ardı gəlmədi. Bayden dayanmadan hər şeyin əvvəldən ehtimal olunmasından və sabitlikdən danışır. Sanki ABŞ-Rusiya münasibətləri onun dövründə Putinin irəli sürdüyü şərtlərlə keçəcək.
“Görüşün məqsədi məhz ehtimal olunan münasibətlərin qurulması və sabitlikdirsə, onda sammitə ehtiyac yoxdur. Baydenin martda Putinin ünvanına dediyi sözləri saymasaq, indiyə qədər çərçivədən çıxan bir şey baş verməyib. Bayden Putinə o qədər nahar şəraiti yaradır ki, Rusiya prezidenti menyunu özü seçməyə başlayıb”.
ABŞ jurnalı hesab edir ki, Putin görüşdən əvvəl özünü çox gərgin hiss etmir. Hətta Roman Protaseviç qalmaqalında Belarus prezidenti Aleksandr Lukaşenkonun tərəfini saxlamaq da onun üçün problem deyil. Putin Lukaşenkonu möhkəm qucaqlamağı özünə rəva görür. Rusiya prezidentinin Belarusdan olan həmkarından blogeri həbsdən azad etməyi istəməyəcəyi də aydındır.
Halbuki Belarus səmasında “Ryanair” təyyarəsinin yerə endirilməsindən dərhal sonra Vaşinqton sərt açıqlamalar vermişdi. Dövlət katibi Entoni Blinken Protaseviçin həbsdən təcili azad olunmasını istəmişdi. Amma bunun ardı gəlmədi. Böyük ehtimalla Bayden görüş zamanı Putinə Protaseviçlə bağlı təzyiq göstərməyəcək.
Ukrayna məsələsində də belə olmuşdu. Rusiya sərhəddə gərginlik yaradanda Blinken sərt danışmışdı. Düzdür, Kreml qoşunları geri çəkdi. Amma Rusiya istənilən halda hücum etməyi planlaşdırmırdı. Bunu təzyiq manevri kimi qiymətləndirmək olar. Ukrayna-Rusiya sərhədindəki gərginlik zamanı Böyük Britaniya daha dayanıqlı mövqe ortaya qoymuşdu. Sanki Bayden administrasiyası quru hədə ilə keçinməyə üstünlük verir.
Bayden sanksiyalarla bağlı Donald Trampın siyasətini də davam etdirmir. Xüsusilə “Şimali axını-2” layihəsinə müşahidəçi münasibət nəzərə çarpır. Halbuki layihə Almaniyanı Rusiyadan çox asılı edəcək. Energetika naziri Cennifer Qrenholm dözməyərək Baydenə etirazını bildirmişdi. Nazirin fikrincə, layihə həm iqlim dəyişikliyi baxımından səmərəli deyil, həm də Kremlin siyasi planlarına uyğun görünür.
“The American Spectator”un ehtimalına görə, iyun görüşündə bizi təəccübləndirə bilən heç nə baş verməyəcək. Jurnal Cenevrə sammitinin başlamamış bitdiyini düşünür. Hər şey Putinin xeyrinə işləyir.
Facebook-da paylaş