Atəşkəsin parametrlərini Azərbaycan tərəfi diktə edəcək

“Bundan əvvəl yalnız ordumuz, əsgərlərimiz savaşırdısa, bu gün artıq biz də savaşa başlayırıq, birliyimizi göstərərək, xalq olaraq, bütün gücümüzlə. Xalqımızın ruh yüksəkliyinə qarşı hər hansı tezislə çıxış edənlər bunu ya bilməyərəkdən edir, savadı imkan vermir. Ya da ki, reallığı dərk etmirlər. Bu gün biz qələbəmizi beynəlxalq səviyyədə rəsmiləşdirməliyik, birdəfəlik!”
Şəffaflıq.az xəbər verir ki, bu sözləri millət vəkili Kamal Cəfərov deyib. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşünün nəticələrinə dair fikirlərini bildirən millət vəkili qeyd edib ki, Qarabağ müharibəsinin növbəti və ən aktiv fazası elə bu gün başlayıb:
“1-cisi, 30 illik status-kvo dəyişdi. Artıq təmas xətti yoxdur, hər yer təmas xəttidir bizim üçün.
2-cisi, Moskva görüşündə yalnız humanitar məqsədlərlə bağlı razılaşma əldə edilib. Bəyanatın 2-ci bəndində qeyd edilir ki, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Atəşkəsin parametrlərini isə müharibədə üstün mövqeyə malik olan tərəf, Azərbaycan tərəfi diktə edəcək. Hər kəs bilməlidir ki, bu sənəd Xarici İşlər naziri səviyyəsində yalnız bəyanat kimi qəbul edilib, daha ciddi sənədlər ölkə başçısı səviyyəsində imzalanır. Bundan əvvəl də atəşkəs barədə razılıq olub, ancaq riayət edilməyib.
3-cüsü, bundan əvvəl Ermənistan rəhbərliyi qeyd edirdi ki, Dağlıq Qarabağ ətrafında olan rayonlar da Dağlıq Qarabağa daxildir və müzakirələrə Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin rəhbərliyi də tərəf olmalıdır. Moskva görüşünün nəticələri ilə bağlı qəbul olunan sənədin 4-cü bəndi isə Ermənistan siyasi rəhbərliyinin məğlubiyyətinin bariz nümunəsidir. 4-cü bənddə qeyd edilir ki, tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər. Formatı heç kim dəyişə bilməz. Bu, birmənalı olaraq Ermənistanın diplomatiyada məğlubiyyətidir.
Sonuncusu isə bəzi hallarda ictimai rəy var ki, danışıqlar növbəti dəfə uzanacaq. Xeyr. Razılaşmanın 3-cü bəndində konkret olaraq göstərilib ki, münaqişənin “tezliklə” sülh yolu ilə həlli məqsədilə “substantiv” danışıqlara başlayırlar. İndi isə əvvəlki dövr deyil. Bunu hər kəs başa düşür və bilir.
Müdafiə Nazirliyinin videolarındakı məhv edilən texnikaları, məhv edilən erməni əsgərlərini saysaq, Ermənistanın müdafiəsi çox ciddi itkiyə məruz qalıb. Biz indi yeni strateji mövqelərimizdə rahat yerləşməli, vəziyyəti yenidən qiymətləndirməliyik. Dağlıq Qarabağ ətrafında bir neçə vacib strateji mövqelər bizdədir”.
Kamal Cəfərovun sözlərinə görə, bu görüş və bizim iştirakımız vacib idi:
“Bəzi ölkələr, xüsusilə Fransa açıq formada Ermənistanın tərəfini tutur. Paşinyan dünya ölkələrini Dağlıq Qarabağı tanımağa çağırır. Təsəvvür edirsiniz, hansısa ölkə beynəlxalq hüquqa zidd olaraq Dağlıq Qarabağı tanıyır. Bu, istisna deyil.
Digər tərəfdən erməni tərəfi bizi genosid edən tərəf kimi təqdim edir, lakin biz sülhsevər xalqıq. 30 il bunun əyani nümunəsi idi. Lakin beynəlxalq siyasi səviyyədə olan bütün rəyləri nəzərə alaraq ermənilərə bu sonuncu şans verilməli idi ki, bizim torpaqlardan çıxsınlar. Qoy bütün dünya görsün ki, biz bu şansı verdik. Sonra heç bir bəhanələri olmasın.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövqeyi çox aydındır, güclü siyasi qətiyyəti var. Erməni tərəfi işğalda olan torpaqlarımızdan çıxma qrafiki verməli və bu, ATƏT-in Minsk Qrupu ölkələri tərəfindən təsdiq edilməlidir. Çıxmasalar ordumuzun gücünü, qətiyyətimizi bilirlər. İndiki mərhələdə isə təmas xətti yoxdur. Hər an hər şey baş verə bilər. Bizim haqq mübarizəmiz tarixin doğru tərəfində, beynəlxalq hüquq çərçivəsindədir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}