Jurnalistlər üçün tikilən binalarla bağlı korrupsiya: cinayət işi başlandı

 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ( KİVDF) büdcədən ayrılan vəsaitlərin bir hissəsinin mənimsənildiyi iddia olunur. Həm bu məsələ, həm də jurnalistlər üçün tikilmiş binalarda mənzillərin paylanmasıyla bağlı pozuntularla əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb, araşdırmalar gedir.


Şəffaflıq.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayıb. Bildirilir ki, öncə Hesablama Palatası KİVDF-də araşdırma aparıb, üzə çıxan qanunsuzluqları Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərib. Bu idarədə araşdırmalardan sonra Fondun vəzifəli şəxslərinin dövlət satınalmaları haqqında qanuna əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, KİV-ə yardımların qanunsuz verilməsilə bağlı şübhələr müəyyənləşib.

Nəticədə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4 (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələrilə cinayət işi başlanıb.

“Təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanmasına dair qayda və şərtlərin kobud şəkildə pozulmasıyla bağlı daxil olmuş şikayətlər üzrə də hazırda araşdırmalar aparılır”, - deyə məlumatda bildirilir.

Baş Prokurorluğun açıqlamasını “Bizimyol.info”ya şərh edən vəkil Nemət Kərimli deyir ki, Fondun fəaliyyətilə bağlı, o cümlədən jurnalistlər üçün binaların tikintisi zamanı korrupsiya, bölgüdə ədalətsizlik barədə şikayətlər illər öncə səslənirdi. Bu barədə ölkə rəhbərliyinə də açıq məktublar yazılırdı. Amma nədənsə həmin vaxt o şikayətlərin əsaslı olub-olmadığı araşdırılmadı: 


“Baxmayaraq ki, ictimai əhəmiyyətli məsələdir, həmin şikayətlərin araşdırılması, əgər araşdırılıbsa, nəticəsi barədə ictimaiyyətə heç bir məlumat verilmədi. Hələ jurnalistlər üçün tikilən birinci binadan sonra belə şikayətlər vardı. Əgər onda araşdırılsaydı, ən azı, ondan sonrakı qanunsuzluqların qarşısını almaq mümkün olardı”.

Baş Prokurorluğun açıqlamasındakı maddələrə diqqət çəkən vəkil bildirib ki, CM-in 179.4 maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir.

Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə külli miqdar dedikdə isə 500 min manatdan yuxarı məbləğ nəzərdə tutulur: “Prokurorluğun açıqlamasından belə aydın olur ki, bu cinayət işində yarım milyon manatdan yuxarı mənimsəmə və ya israfetmədən söhbət gedir”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildə yaradılıb. Bu ilin aprelində Fondun rəhbərliyində dəyişiklik edilib, 11 il Fondun icraçı direktoru olan Vüqar Səfərli vəzifəsindən uzaqlaşdırılıb.

Jurnalistlərə birinci bina 2013-cü ildə (156 mənzil), ikinci bina isə 2017-ci ildə (255 mənzil ) paylanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}