AEM vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar barədə xəbərdarlıq yayıb
Sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır. Şəffaflıq.az xəbər verir ki, AEM bununla bağlı xəbərdarlıq yayıb. Bildirilib ki, həmin məlumatlarda guya AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı iddia olunur: "Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır. Yayılan saxta sənədin sonunda guya "Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov" adlı şəxsin imzası göstərilib. AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində "03.08.2026" tarixi qeyd olunub. Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir. Bundan başqa, işə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxs özünü "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Sandoz Pharma şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov" kimi təqdim edir və vətəndaşdan guya "müqavilə rekvizitlərinin rüsumu" adı ilə müəyyən bank hesabına pul köçürməsini tələb edir". Qeyd olunub ki, AEM-in tabeliyində nəinki "Sandoz Pharma", ümumiyyətlə heç bir özəl şirkət fəaliyyət göstərmir: "AEM belə ad altında işə qəbul aparmır, işə qəbul zamanı heç bir ödəniş tələb edilmir, vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur. Həmçinin sosial şəbəkələrdə yayılan "barkodçu" vəzifəsi ilə bağlı məlumatlar da həqiqəti əks etdirmir. Məlumat üçün bildiririk ki, Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinə xətti barkod (GTIN/EAN) vermir". AEM vətəndaşlara bir daha müraciət edərək bildirib ki, işə qəbul, ödəniş və ya digər rəsmi prosedurlarla bağlı yalnız Mərkəzin rəsmi məlumatlarına etibar etsinlər, naməlum şəxslərin göndərdiyi sənədlərə və ödəniş tələblərinə inanmasınlar, heç bir halda şəxsi məlumatlarını və pul vəsaitlərini üçüncü şəxslərə təqdim etməsinlər: "Faktla bağlı AEM tərəfindən müvafiq dövlət strukturlarına müraciət ediləcək və qanunvericiliyə uyğun olaraq zəruri hüquqi tədbirlər görüləcək. "Analitik Ekspertiza Mərkəzi vətəndaşlara xatırladır ki, rəsmi işə qəbul elanları yalnız Mərkəzin rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə yayımlanır."
Facebook-da paylaş








