SOCAR Kanada şirkəti ilə Azərbaycanın quru ərazisində seysmik kəşfiyyat aparacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadanın "Gran Tierra Energy" şirkəti ilə birlikdə Quba-Xəzəryanı neft-qaz regionunun geoloji quruluşunun dəqiqləşdirilməsi məqsədi ilə 2D seysmik kəşfiyyat işlərinin həyata keçirmək niyyətindədir. Şəffaflıq.az SOCAR-a istinadən xəbər verir ki, qeyd olunan işlərin bu regionda yerləşən qurudakı perspektiv sahəsində Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında saziş çərçivəsində yerinə yetirilməsi planlaşdırılır. Qeyd edilib ki, layihənin icrasının ilkin hazırlıq mərhələsində Quba Rayon İcra Hakimiyyətində görüş təşkil edilib və iştirakçılar görüşdə layihənin həyata keçirilməsi üzrə növbəti addımları nəzərdən keçiriblər. Xatırladaq ki, SOCAR və "Gran Tierra Energy" arasında müvafiq saziş bu ilin fevralında imzalayıb. Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Facebook-da paylaş








