Beynəlxalq Musiqi Festivalının iştirakçıları Üzeyir Hacıbəyovun məzarını ziyarət ediblər
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı münasibətilə görkəmli musiqiçi, bəstəkar SSRİ Xalq artisti Üzeyir Hacıbəyovun və digər bəstəkar və musiqiçilərin Fəxri xiyabandakı məzarları ziyarət olunub. Şəffaflıq.az-ın məlumatına görə, ziyarətdə mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, nazirliyin əməkdaşları, Türk dövlətlərinin bəstəkarlar ittifaqlarının rəsmiləri, eləcə də bir sıra mədəni-ictimai xadimlər iştirak ediblər. Beynəlxalq Musiqi Festivalının iştirakçıları əvvəlcə I Fəxri xiyabanda Ümummili Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. İştirakçılar daha sonra görkəmli musiqiçilərin məzarlarına gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Qeyd edək ki, 18-30 sentyabr tarixlərini əhatə edəcək Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində paytaxt Bakı ilə yanaşı ölkənin bir sıra bölgəsində silsilə tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulur.
Facebook-da paylaş








