Naxçıvanda din xadimləri üçün təlim keçirilib


Naxçıvanda "Din xadimlərinin peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və dini maarifləndirmənin aparılma üsulları" mövzusunda təlim təşkil olunub.

Bu barədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, təlimdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev din xadimlərinin cəmiyyətdəki rolu, onların üzərinə düşən mənəvi və ictimai məsuliyyət, ixtisasyönümlü bilik və bacarıqlarının zənginləşdirilməsi, elcə də dini maarifləndirmənin səmərəli təşkili məsələlərindən bəhs edib.

Din xadiminin peşəkarlığının yalnız dini biliklərlə məhdudlaşmadığı, elmi dəqiqlik, effektiv ünsiyyət bacarığı, etik davranış, fərdi yanaşma və davamlı özünüinkişaf kimi keyfiyyətlərin də bu sahədə mühüm rol oynadığı bildirilib. Qeyd olunub ki, din xadimlərinin maarifləndirmə fəaliyyəti cəmiyyətin mənəvi inkişafına, ictimai həmrəyliyin gücləndirilməsinə və dolğun dini biliklərin əldə edilməsinə müstəsna təsir göstərir. Eyni zamanda, vəzifə öhdəliklərinin icrasında əxlaqi prinsiplərə sadiqlik və ictimai məsuliyyət hissinin vacibliyi önə çəkilib. Din xadimlərinin şəxsi davranışlarının təbliğ etdikləri dəyərlərlə uzlaşmasının cəmiyyətdə onlara qarşı etimadın formalaşmasında əsas amillərdən biri olduğu qeyd edilib.

İbrahim Quliyev dini maarifləndirmə prosesində auditoriyanın yaş xüsusiyyətlərinin, bilik səviyyəsinin və fərdi mənəvi ehtiyaclarının nəzərə alınmasının vacibliyini qeyd edib. Bildirib ki, dini biliklərin çatdırılması zamanı məzmunun aydın, sistemli və elmi əsaslara söykənən formada təqdim edilməsi məlumatların düzgün mənimsənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Təlimdə müasir dövrdə rəqəmsal mühitin dini maarifləndirmə sahəsində yaratdığı imkanlar və meydana çıxardığı çağırışlar da müzakirə olunub. Sonda din xadimlərinin peşəkarlıq səviyyəsinin davamlı yüksəldilməsinin vacibliyi önə çəkilib, elmi biliklərin zənginləşdirilməsi, kommunikativ səriştələrin inkişafı, rəqəmsal imkanlardan məqsədyönlü istifadə və mütəmadi özünüqiymətləndirmənin onların ixtisas hazırlığının gücləndirilməsində əsas amillərdən olduğu bildirilib.

Tədbir din xadimlərini maraqlandıran sualların cavablandırılması və mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}