Sahil Babayev ƏDV rejiminin dəyişdirilməsi ehtimalına münasibət bildirib


Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) rejiminin dəyişdirilməsi dövlət büdcəsində itkilərə səbəb ola bilər.

Şəffaflıq.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu, çox mürəkkəb məsələdir: "Əgər biz aylıq deyil, rüblük silinmə mexanizmini nəzərdə tuturuqsa, bu o deməkdir ki, ölkədə bütün ƏDV hesabatlılığı rüblük sistemə keçirilməlidir. Bununla bağlı meydana çıxa biləcək sualları və riskləri qiymətləndirməliyik. Yaxud deyiriksə ki, idxalda ƏDV ödənişinə möhlət verilsin və ödəniş malların realizasiyasından sonra həyata keçirilsin, bu, ölkədə idxal ƏDV-si və ƏDV rejiminin tamamilə dəyişməsi deməkdir. Bunun yarada biləcəyi itkilər, risklər, kölgə iqtisadiyyatına keçid ehtimalları qiymətləndirilməli, nəticədə dövlət büdcəsinə nə qədər zərər vura biləcəyi hesablanmalıdır".

"Düşünürəm ki, belə bir məsələ qarşımızda durursa, müvafiq qurumlarımızla, o cümlədən burada iştirak edən gömrük orqanlarının rəhbəri və vergi orqanlarının nümayəndələri ilə ayrıca müzakirələr aparmaq olar. Biz istənilən təklifi müzakirə etməyə və dəyərləndirməyə hazırıq.

Amma bunu elə etməliyik ki, eyni zamanda fiskal siyasətə, dövlət gəlirlərinə və iqtisadiyyatın ağardılması prosesinə ziyan vurulmasın. Yəni yaxşılığa doğru addım atmaq istəyərkən mənfi nəticələrə gətirib çıxaran qərar qəbul etməyək", - deyə nazir əlavə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}