Aİ Rusiyanın müvəqqəti işlər vəkilini konsulluqlara hücumlar səbəbilə çağırıb
Avropa Xarici Əlaqələr Xidməti (EEAS) iyulun 28-də Rusiya pilotsuz uçuş aparatlarının Rumıniyanın hava məkanını pozmasına və Latviyanın Ukraynadakı fəxri konsulluğuna endirilən zərbəyə cavab olaraq Rusiyanın Avropa İttifaqı (Aİ) yanındakı müvəqqəti işlər vəkilini çağırıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Ənvər Əl Ənuni bildirib. "Bu gün biz Rusiyanın müvəqqəti işlər vəkilini EEAS-a çağırdıq. Rusiya pilotsuz uçuş aparatları tərəfindən Rumıniyanın hava məkanının qəsdən pozulması ilə əlaqədar Rusiya tərəfinə qəti etiraz bildirilib", - o qeyd edib. Əl Ənuninin sözlərinə görə, bu cür hərəkətlər "ciddi eskalasiya"dır, Aİ vətəndaşlarının təhlükəsizliyinə, regional sabitliyə və beynəlxalq sülhə təhlükə yaradır. Brüssel həmçinin Rumıniya və Latviyaya "tam həmrəyliyini və dəstəyini" təsdiq edib. Onun sözlərinə görə, Aİ-nin xarici siyasət xidməti Ukraynaya dəstək göstərməyə və Moskvaya təzyiqləri artırmağa davam edəcək. Əl Ənuni xatırladıb ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyaya qarşı sanksiya rejiminin daha da gücləndirilməsinə dair artıq yeni təklif təqdim edib.
Facebook-da paylaş








