London hərbi dronların inkişafına 5 milyard funt sterlinqdən çox vəsait ayıracaq
Britaniya hökuməti növbəti dörd il ərzində silahlı qüvvələr üçün pilotsuz uçuş aparatlarının istehsalına 5 milyard funt sterlinqdən (6,6 milyard dollar) çox vəsait ayırmaq niyyətindədir. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin müdafiə qurumu məlumat yayıb. Qeyd olunub ki, ordunun "pilotsuz transformasiyası"nın həyata keçirilməsi üçün vəsaitlər hökumət tərəfindən iyunun 30-da dərc edilməsi planlaşdırılan müdafiə investisiya planında nəzərdə tutulacaq. Ayrılan resurslar həm quru qoşunları, həm də kral hərbi hava və hərbi dəniz qüvvələri üçün pilotsuz texnologiyaların təkmilləşdirilməsinə yönəldiləcək. Bundan əlavə, maliyyələşdirmənin müəyyən hissəsi iyunun ortalarında İngiltərənin Suindon şəhərində təntənəli açılışı keçirilmiş Avropanın ən böyük pilotsuz sistemlər sınaq mərkəzinin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub. "Döyüş əməliyyatlarının xarakteri sürətlə transformasiya olunur. Ukraynada və Yaxın Şərqdəki münaqişələrdə pilotsuz komplekslər həlledici rol oynayır. Böyük Britaniyanın bu perspektivli texnologiyalara yatırdığı miqyasına görə misilsiz investisiyalar silahlı qüvvələrimizə potensial rəqibləri qabaqlamağa imkan verəcək və yerli hərbi-sənaye kompleksinin aparıcı müəssisələrinə dəstək göstərəcək", - müdafiə naziri Den Carvis vurğulayıb.
Facebook-da paylaş








