Azərbaycan Prezidenti: Ermənistan vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər
Ermənistanın baş nazirinin dünənki təcavüzkar bəyanatı onu göstərir ki, onlar vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər.
Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.
Dövlət başçsı bildirib:
"Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırıq. Bu şərtlə ki, erməni tərəfi də onları dayandırsın. Çünki atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib. Bilirsiniz ki, dünən kasetli raketlərlə atəşlər nəticəsində Bərdədə dörd dinc vətəndaş, o cümlədən 7 yaşlı qız həlak olub. Bərdə münaqişə zonası deyil. Yəni bu, Vaşinqtonda razılaşdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır. Bundan əvvəl Moskvada razılaşdırılmış atəşkəs elə ertəsi gün ermənilər tərəfindən Ermənistan ərazisindən Gəncəyə ballistik raket atılması yolu ilə pozuldu. Bunun nəticəsində 10 nəfər həlak oldu. Gəncəyə ballistik raketlərlə ikinci hücum nəticəsində bu dinc şəhərdə daha çox, ümumilikdə isə 30-a yaxın insan həlak oldu. Ona görə də atəşkəsə riayət edilməməsi bizim təqsirimiz deyil. Buna görə erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaqları barədə öhdəlik götürməlidir. Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlüklə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırıq. Siyasi nizamlama çox aspektləri əhatə edəcək. Baza prinsipləri bizim tərəfimizdən qəbul edilib, ermənilər tərəfindən rədd edilib. Lakin Ermənistanın baş nazirinin dünənki təcavüzkar bəyanatı onu göstərir ki, onlar vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər".
Facebook-da paylaş