Rusiyalı ekspert: "Ermənistan hökuməti ikili siyasət yürüdür"

 

“Ermənistanın yeni hökuməti ikili siyasət yürüdür. Bu ölkədə sanki siyasət ardıcıllığı, oturuşmuş bir siyasi xətt yoxdur”.

Şəffaflıq.az xəbər verir ki, bu sözləri “Report”un Rusiya bürosuna politoloq, milli münaqişələr üzrə eksperti Yevgeniy Mixaylov Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyəcəkləri barədə bəyanatlarını şərh edərkən deyib.

Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin, ilk mərhələdə keçmiş DQMV ətrafındakı əraziləri qaytarmağın vacibliyinə dair Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamasını xatırladan ekspert bildirib: “Fikrimcə, Lavrovun bu sözləri təsadüfi deyil. Deməli, hansısa ilkin razılaşmalar olub. Ermənistanın indiki hökuməti əslində əldə edilmiş bütün razılaşmaları pozaraq Rusiya Federasiyası ilə, onsuz da, gərgin olan münasibətləri daha da korlayır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdar olub və indi də tərəfdardır. Rusiya həmişə deyir ki, Ermənistan Avrasiyanın bir parçasıdır, Qərbə çox boylanmamalıdır. Öz yurdunda yaşamalı, ümumi iqtisadi məkanda qalmalıdır”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız xeyir verəcək: "Ermənilər qonşuları ilə danışıqlara başlasa, öz iqtisadi vəziyyətlərini düzəldər, gəlirləri artar, sərhədləri açılar, gediş-gəliş başlayar. Bütün regionda böyük iqtisadi sıçrayış baş verər. Bütün bunları Ermənistanda dərk etməyə bilməzlər. Mnatsakanyan güzəştlərə getməyəcəklərini deyirsə, deməli, oyuna üçüncü qüvvə daxil olub. Mənim fikrimcə, həmin qüvvə regionda sülhü istəməyən ABŞ və müttəfiqləridir. Burada daim közərən gərginliyin olması onlara sərf edir. İndi bütün Cənubi Qafqazda vəziyyəti qarışdırmaq üçün ermənilərdən istifadə edəcəklər”.

“Hazırda Ermənistan taleyüklü seçim qarşısındadır. Bundan sonra ya Amerika ilə, ya da Rusiya və onun müttəfiqləri ilə yol yoldaşı olacaq. Azərbaycan isə Rusiyanın müttəfiqidir. Azərbaycan bütün regionun inkişafında maraqlıdır. Ermənistandakı mövcud hökumət getməsə, məsələnin həlli üçün perspektiv görmürəm”, - politoloq fikrini tamamlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}